Nobel mükafatçısı: Türk dövlətləri elmdə dünya ilə rəqabət aparmalıdır

  • Əziz Sancar xüsusilə fundamental elmlərə böyük əhəmiyyət verilməli olduğunu bildirib

Nobel mükafatçısı, professor Əziz Sancarın sözlərinə görə, türk dövlətləri birgə fəaliyyət göstərməklə elmdə dünya ilə rəqabət aparacaq səviyyəyə çata bilərlər.

Sherg.az xəbər verir ki, professor, Türkiyənin Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetində keçirilən yeni akademik ilin açılış mərasimində tələbələrə ilk dərsini deyib.

Sancar uşaqların elmə təşviq edilməsinin, elmi inkişaf və beynəlxalq rəqabət üçün onlara imkan yaradılmasının vacibliyini vurğulayıb. O, xüsusilə fundamental elmlərə böyük əhəmiyyət verilməli olduğunu bildirib.

“Türk dövlətləri elmdə dünya ilə rəqabət aparmalıdır. Uşaqlarımızı elmə təşviq etməliyik”, - deyə Nobel mükafatçısı qeyd edib.

Sancar, həmçinin xəstəxana və laboratoriyalarda istifadə olunan avadanlıqların Türkiyə istehsalı olmasını arzuladığını bildirib. O, qız və oğlan uşaqlarına bərabər təhsil imkanlarının yaradılmasının və erkən yaşlardan praktiki təcrübələr aparmağı öyrənmələrinin vacibliyinə diqqət çəkib.