"Ərdoğan heç vaxt boşuna açıqlamalar vermir"

Elçin Xalidbəyli: "Ərdoğan rəsmi İrəvanın "sürüşkən siyasət"inin Ermənistanı fəlakətə apardığının mesajını verəcək"
  Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək. Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesinin müzakirəsi gözlənilir. Bundan başqa, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşlərinin üçüncü ölkələrdə, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi məsələsi nəzərdən keçiriləcək. Eyni zamanda tərəflərin regionda gərginliyin azaldılması, Zəngəzur dəhlizi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını müzakirə edəcəyi gözlənilir. 
Türkiyə liderinin erməni baş nazirə regionda daha çox gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdırması da gözlənilir. Görüşdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi məsələsinin müzakirə olunacağı bildirilib. Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bütün əlaqələrini kəsib.
 İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb. Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
  Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ərdoğan-Paşinyan görüşünün baş tutma ehtimalı kifayət qədər yüksəkdir. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt boşuna açıqlamalar vermir. Bu görüşün ola biləcəyini isə Türkiyə lideri rəsmən bəyan edib: 
"Ermənistan Baş naziri Nikol Paşinyan belə bir görüşün ola biləcəyini təsdiqləyib. Əgər pozucu beynəlxalq güclər - məsələn, Cənubi Qafqazda fərqli maraqları olan ABŞ və Fransa rəsmi İrəvana təzyiq göstərib, erməni baş naziri görüşdən yayındırmazsa, hər şey qaydasında ola bilər. Türkiyə prezidenti ilə görüş indi baş nazir Nikol Paşinyan üçün daha vacibdir. Çünki Ermənistan Azərbaycana savaş meydanında növbəti dəfə uduzub. Rəsmi İrəvanın ənənəvi "hay-küy siyasəti" isə iflasa uğrayıb. ABŞ və Fransanın Ermənistanın təhlükəsizliyini təmin edə bilmədiyi də birmənalı şəkildə təsdiqlənib. Hətta Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryan da öz açıqlamalarında ABŞ, Fransa və Rusiyanın Azərbaycan-Türkiyə İttifaqına təsir mexanizmlərinə malik olmadıqlarını etiraf ediblər. Deməli, indi Paşinyan hakimiyyətinin reallıqla barışıb, Azərbaycan və Türkiyə ilə anlaşmaqdan başqa çarəsi qalmayıb. Əks halda, Levon Ter-Petrosyanın da dediyi kimi, Ermənistan dövləti tezliklə geopolitik xəritədən silinə bilər".
  E.Xalidbəyli Türkiyə prezidentinin Ermənistan baş nazirinə son dəfə ciddi xəbərdarlıq edəcəyini ehtimal edir: 
"Ərdoğan rəsmi İrəvanın "sürüşkən siyasət"inin Ermənistanı fəlakətə apardığının mesajını verəcək. Eyni zamanda ABŞ və Fransaya bəslənən ümidlərin mənasız olduğunu anlatmağa çalışacaq. Böyük ehtimalla görüşdən sonra Paşinyan hakimiyyəti Zəngəzur dəhlizi və Azərbaycanla yekun sülh sazişinin imzalanması məsələsində mövqeyini dəqiqləşdirməli olacaq. Bəzi məlumatlara görə, Ukrayna savaşından sonra Qərb siyasi dairələri də Zəngəzur dəhlizinin açılmasına ciddi maraq göstərirlər. Ona görə də Brüsseldən Ermənistana yekun sülh sazişinin dərhal imzalanması istiqamətində təzyiqlərin olması barədə də müəyyən məlumatlar mövcuddur. Hətta Ermənistan mətbuatı noyabr ayında yekun sülh sazişinin imzalana biləcəyi barədə məlumat da yayıb.
  Belə anlaşılır ki, hazırda Cənubi Qafqazda olduqca önəmli geopolitik proseslərin içərisindədir. Bu regionda həlledici mərhələ artıq başlayıb. Və böyük ehtimalla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni baş nazir ilə görüşündən sonra sülh prosesi daha da sürətlənə bilər".