Tural Abbaslı: "Məhz Ərdoğanın səyi nəticəsində Qərb-Ukrayna və Rusiya arasında "taxıl sazişi"nin imzalanması baş tutdu"
"Avropa və kasıb Afrika ölkələrinə gəmilərlə maneəsiz taxıl daşındı"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyi "Nobel" sülh mükafatına irəli sürülüb. Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib. O qeyd edib ki, onun müraciətini müxtəlif ölkələrdən parlament sədrləri, millət vəkilləri də dəstəkləyəcək. Ərdoğanın Rusiya və Ukrayna arasında sülh yaratmaq məqsədilə göstərdiyi səylərə görə bu mükafata namizədliyinin irəli sürüldüyü bildirilib.
Həmçinin qeyd olunub ki, əslində heç nə etməyən Obama yalnız Fələstin probleminin həllində göstərdiyi səylərə görə "Nobel" sülh mükafatına layiq görülüb. Ərdoğan Rusiya və Ukraynanı barışdırmaq üçün Obamadan daha çox iş görüb və görməkdə davam edir. ABŞ Müdafiə Nazirliyinin sabiq müşaviri Dov S.Zakhaym da Ərdoğanın Ukrayna taxılının ixracı və immiqrasiya sahəsindəki siyasi uğurlarına diqqət çəkərək, onun "Nobel" sülh mükafatına namizədliyə layiq olduğunu bildirmişdi.
AĞ Partiyanın sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında vurğulayıb ki, türk-islam dünyasının istənilən təmsilçisinin belə bir mükafata layiq görülməsi mühümdür və dəstəklənməlidir. Partiya rəhbəri vurğulayıb ki, əgər söhbət Türkiyənin lideri, dünyada böyük nüfuz sahibi olan Rəcəb Tayyib Ərdoğandan gedirsə, məsələ daha önəmli hala gəlir:
"Əgər "Nobel" sülh mükafatını verən, namizədləri müəyyən edən komissiya ədalətli olarsa, həqiqətən də həmin mükafat Ərdoğana verilməlidir. Rusiya-Ukrayna savaşı bütün dünyanı iqtisadi böhrana yuvarlayır. Ciddi iqtisadi problemlər yaşanır, bir sıra ölkələrdə aclıq başlayıb. Enerji daşıyıcılarının qiyməti hədsiz yüksəlib. Əməlli-başlı qlobal fəlakət yaşanır. 6800 dinc əhalinin öldüyü deyilir. Təəssüflər ki, bir çox ölkələr, hətta ABŞ və bəzi Avropa ölkələri bu müharibədən, fəlakətdən öz maraqları üçün yararlanmağa cəhd göstərirlər. Yeganə ölkə Ərdoğanın rəhbərlik etdiyi Türkiyədir ki, bu məsələdə tam səmimiyyətlə bütün səylərini ortaya qoyub.
Məhz Ərdoğanın səyi nəticəsində Qərb-Ukrayna və Rusiya arasında "taxıl sazişi"nin imzalanması baş tutdu. Avropa və kasıb Afrika ölkələrinə gəmilərlə maneəsiz taxıl daşındı. Türkiyədə Ukrayna-Rusiya rəsmilərinin nəticəli görüşləri reallaşdı. Eyni zamanda Ərdoğanın Suriya və İraqda baş verən hadisələrdə mühüm rol oynaması, 3 milyon suriyalı qaçqının qəbul edilməsi çox vacib elementlərdir. Bunların hamısı mükafata layiq addımlardır. Azərbaycan da bu təşəbbüsü dəstəkləməlidir".
T.Abbaslı hər şeyə rəğmən, "Nobel" sülh mükafatının Ərdoğana veriləcəyinin o qədər inandırıcı olmadığını deyib:
"Əgər bir mükafat türk-islam dünyasına mənfi münasibət sərgiləyən Qərb ölkələrinin nəzarətindədirsə, yəqin ki, türk-islam dünyasının liderini nəyəsə layiq görməzlər. "Nobel" sülh mükafatının terrorçulara, heç bir iş görməyən siyasi avantüristlərə verilməsi faktı da bunu göstərir. Təbii ki, cənab Ərdoğanın belə bir mükafata ehtiyacı yoxdur. Onsuz da Ərdoğan bütün türk-müsəlman dünyasının nüfuzlu lideri kimi ən üstün mükafatlara layiqdir".