Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilməsini uzadacaq

Yunanıstan Səudiyyə Ərəbistanının müraciətinə müsbət cavab verərək ölkədəki “Patriot” hava hücumundan müdafiə sisteminin yerləşdirilmə müddətini uzatmağa razılıq verib.

Teleqraf xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səudla görüşü zamanı bildirib.

Yunanıstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Mitsotakis “Patriot” sisteminin krallığın və bütövlükdə regionun təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. O, kritik enerji infrastrukturunun qorunmasının əhəmiyyətini qeyd edərək, Yunanıstanın çətin dövrdə Səudiyyə Ərəbistanının müraciətinə müsbət yanaşdığını bildirib.

Görüşdə iki ölkə arasındakı strateji münasibətlər, həmçinin nəqliyyat infrastrukturu, enerji və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub.

Mitsotakis Səudiyyə Ərəbistanına qarşı hücumları pisləyib və Yunanıstanın krallıqla həmrəy olduğunu bildirib. Yunanıstan 2021-ci ildən etibarən bu ölkənin hava hücumundan müdafiəsinə “Patriot” sistemi vasitəsilə töhfə verir.

Tərəflər İran və bütövlükdə Yaxın Şərqdəki vəziyyəti, eləcə də dəniz nəqliyyatının azadlığını müzakirə ediblər. Yunanıstanın baş naziri beynəlxalq dəniz yollarının təhlükəsizliyinin və dünya ticarətinin maneəsiz həyata keçirilməsinin vacibliyini vurğulayıb.

O, beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinin və gəmiçilik azadlığına məhdudiyyətlər qoyulmamasının zəruriliyini qeyd edib. Mitsotakisin sözlərinə görə, belə məhdudiyyətlər təhlükəli presedent yarada bilər.