Ərdoğanla görüş Putin üçün son şansdır! – “Türkiyə lideri şərt qoya bilər ki...” – AKTUAL 

Rusiya və Türkiyə prezidentləri- Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan fevralın sonu da daxil olmaqla görüş tarixlərinin müxtəlif variantlarını müzakirə ediblər. Amma hələlik dəqiq tarixə qərar verilməyib. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"İki lider həqiqətən mümkün variantlarla bağlı müzakirələr aparıblar. Fevralın sonu və başqa tarixlər müzakirə predmeti olub. Və həqiqətən də hər iki tərəf görüşün epidemioloji vəziyyət və prezidentlərin qrafikləri imkanverən kimi baş tutmasında maraqlıdır. Lakin hələlik dəqiq tarixlər yoxdur. Ümid edirik ki, bu, ən qısa zamanda baş verəcək”, - deyə Kremlin sözcüsü bildirib.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Çinə səfərindən sonra Türkiyəyə səfər edəcəyini qeyd etmişdi.

Baş tutacaq görüşü “Sherg.az”a analiz edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov hesab edir ki, V.Putin bu görüşlə son şansını istifadə edir:

“Əlbəttə ki, hər kəsin gözləri Ukraynadadır. Putin və Ərdoğanın da görüşməsinin başlıca səbəbi Ukrayna problemini müharibə deyil, danışıqlar yolu ilə həll etməkdir. Fikrimcə, Ərdoğanı Ukrayna problemini həll etmək üçün devrəyə salan V.Putin son şansını istifadə edir. Ruslarda belə bir ifadə var ki, suda boğulan adam nədən yapışdığının fərqinə varmır. Hətta suyun  üzərində üzən balaca, yüngülvari bir qamış parçası olsa da, ondan tutur ki, heç olmasa, bəlkə, bu onu xilas edər. Bugünkü dünyada Putinin vəziyyəti doğrudan da çətindir. Həm iqtisadi olaraq, ölkə pis vəziyyətdədir, həm də koronavirusun gətirdiyi səbəblərdən işsizlik və pulsuzluq baş alıb gedir. Eyni zamanda, dünya bir kriz vəziyyətindədir. Bir tərəfdən də Ukrayna problemi yenidən gündəmə gəlib və rusları fakt qarşısında qoyub: ya Krım, Donbass və Luqansqı boşaltmalısınız, ya da da bütün dünya sizə qarşı müharibə açır. Bu məsələdə Avropa və ABŞ yekdildir. Məlum vəziyyətdə Türkiyəni devrəyə salan Rusiya, Ərdoğanın özünəməxsus siyasət aparan bir lider olduğunu nəzərə alaraq, ümid edir ki, bəlkə, Ərdoğan bu məsələni Rusiyanın lehinə həll edər.

Siyasi şərhçi R.T.Ərdoğanın Rusiyaya qarşı qoya biləcəyi şərtlərdən söz açıb:

“Tutaq ki, Ərdoğan bu və ya digər şəkildə bu məsələni Putinin və yaxud Rusiyanın maraqlarına çox da zidd getmədən həll etdi. Ərdoğan da bunu elə-belə həll etməyəcək. O, bu yerdə Moskvadan istədiklərini yerinə yetirməsini gözləyəcək. Burada əlbəttə ki, bizim üçün birinci növbədə ağıla gələn Qarabağ məsələsidir. Ərdoğan Putinin qarşısında belə bir şərt qoya bilər: Mən bu məsələdə sənin tərəfinə keçirəm, sənsə Qarabağı, Azərbaycanı, ümumilikdə Cənubi Qafqazı mənə buraxırsan. İkinci Suriya məsələsi ola bilər. Ərdoğan orada müxalifəti, Putin isə Bəşər Əsədi dəstəkləyir. 

Türkiyə Rusiyanın bu sahədən geri çəkilməsini məqsəd kimi gətirə bilərlər. Bundan sonra əlbəttə ki, Krım türkləri məsələsi var. Ərdoğan Putinin qarşısına Krım türklərinin haqlarını tanımaq və ya onlara üstünlük, muxtariyyət verilməsini tələb edə bilər. 

Sözsüz ki, bütün bunların hamısı görüşün nəticələri açıqladıqdan sonra məlum olacaq. Amma xatırladıram ki, Putinin Türkiyə ziyarətinin özü simvolik bir xarakter daşıyır. Çünki indiyə qədər yalnız İstanbula və Antalyaya gəlib. Putinin Ankaraya səfərini xatırlamıram. Bəlkə də, bu görüşün nəticəsində Rusiya-Türkiyə əməkdaşlığı elə bir səviyyəyə gələ bilər ki, Avropa və Amerika Rusiyadan təzyiqlərini geri çəkə bilər. 

Yaxud da əksinə ola bilər. Görüşdən sonra Rusiya şərtləri yerinə yetirməsə, Türkiyənin Qərbin tərəfinə keçib Rusiyaya təzyiqləri davam etdirməsi mümkündür. Ona görə gəlin görüşün nəticələrini gözləyək”.

Çimnaz Şahlar