Ərəb ölkələrinə mesaj...
Prezident İlham Əliyev Zirvə toplantısında Fransa və Ermənistanı ifşa etdi
Əlcəzair Xalq Demokratik Respublikası 1-2 noyabr tarixlərində 4-cü dəfə Ərəb Dövlətləri Liqasının Sammitinə ev sahibliyi edib. Sonuncu dəfə 2005-ci ilin 22-23 mart tarixlərində liqanın sammiti bu ölkədə keçirilib. 22 ölkənin üzv olduğu nüfuzlu sammitə Azərbaycan Prezidenti İlham Əliyev də Qoşulmama Hərəkatının sədri statusunda fəxri qonaq qismində dəvət olunub. Prezident Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair prezidentinin dəvəti ilə noyabrın 1-də bu ölkəyə səfər edib. Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. Sakit keçən Osmanlı dövrü ilə müqayisədə Fransanın 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairli fransızlar tərəfindən öldürülüb.
Buna görə Əlcəzair bəzən “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. Amma repressiya və kütləvi qətliamlar Əlcəzair xalqının əzmini qırmayıb. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə başa çatıb. Milli Azadlıq Hərəkatı məhz 1 noyabrda başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti də məhz bu əlamətdar tarixə salınıb.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Əlcəzair Prezidenti Abdelmacid Tebbuna göndərdiyi təbrik məktubunda da 1 noyabr tarixinin Əlcəzair xalqı üçün önəmi bir daha vurğulanıb:
"1 noyabr 1954-cü ildə Əlcəzair xalqı müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə başlayıb. Müstəmləkəçi qüvvələrin xalqınıza qarşı törətdiyi misli görünməmiş şiddətinə, zorakı əməllərinə və müharibə cinayətlərinə baxmayaraq, Əlcəzair xalqının müstəqillik əzmi sarsılmayıb, əksinə, milli birlik və həmrəylik daha da güclənib”.
Doğrudan da, Əlcəzair və Azərbaycan xalqlarının tarixində paralel aparsaq, hər iki xalqın müstəmləkə zülmünə qarşı mübarizəsi, verdiyi qurbanlar və qələbə əzmi oxşarlıq təşkil edir. Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı. Məhz bu məqamda özünü Avropada “demokratiyanın beşiyi” sayan Fransanın ikili standartları, qeyri-demokratikliyi özünü büruzə verir. Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağ bölgəsində apardığı siyasət arasında paralellər aparmaq da olar. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşmanın dayandığı qeyd edilməlidir.
Millət vəkili Ceyhun Məmmədov deyib ki, Prezident İlham Əliyevin noyabrın 1-də Əlcəzairə səfəri və Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı bir çox aspektdən xüsusi önəm daşıyır. Deputatın sözlərinə görə, Ermənistan son illər ərəb ölkələri ilə əlaqələrin gücləndirilməsi üçün səylə çalışır.
Bir sıra ərəb ölkələrində güclü erməni diasporu fəaliyyət göstərir: "Prezident İlham Əliyev çıxışında bir çox vacib məqamlara toxundu. Onun xüsusilə Fransa ilə bağlı dedikləri diqqət çəkəndir. Prezident İlham Əliyev növbəti dəfə Fransanı ifşa etdi. O qeyd etdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir: "Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb.
Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib. Dövlət başçısı Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxşında Ermənistanı da ifşa etdi. Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğal altında saxladığını, 67 məscidi barbarcasına dağıtdığını, 1 milyona yaxın mina basdırdığını, Azərbaycanın ədaləti bərpa etdiyini qeyd etdi. Səfər ərəb ölkələri ilə Azərbyacan arasında əlaqələrin inkişafına da ciddi təsir göstərəcək".
Millət vəkili Nəsib Məhəməliyev də bildirib ki, Prezident İlham Əliyevin Ərəb Liqasının Zirvə toplantısına fəxri qonaq statusunda dəvət olunması, onun şəxsiyyətinə, beynəlxalq müstəvidə nüfuzuna göstərilən diqqətin nümunəsidir. Eyni zamanda islam dünyasında Azərbaycan dövlətinin gücünün etirafıdır:
"Dövlət başçısı İlham Əliyev prezidentliyində islam dünyasının inkişafı, bütövləşməsi, beynəlxalq münasibətlər sistemində vahid mövqedən çıxış etməsi, daha da güclənməsi istiqamətində var gücü ilə çalışıb. Bakı şəhərində çoxsaylı forumlar, sammitlər təşkil edilib. Ölkə daxilində müxtəlif təriqətlərə, məzhəbçiliyə, bölücülüyə qarşı təxirəsalınmaz tədbirlər görülüb. İslam həmrəyliyi möhkəmləndirilib. Tədbirdə çıxış edən Prezident bir çox vacib məqamlara toxundu.
Mücahidlər muzeyini ziyarət etməsi, Fransanın yüz ildən bəri Əlcəzairdə müharibə aparması, 1,5 milyon insanı qətlə yetirməsi, ölkə ərazisində 5 milyondan artıq mina basdırılması, islam dünyasına yanaşmalarda ikili standartların tətbiqi və s. məsələlərin Azərbaycan xalqına tanış olduğunu bildirdi. Eyni taleyi də xalqımız erməni işğalı zamanı yaşayıb. Ərəb Liqası ilə Azərbaycan arasında, iqtisadi, siyasi əməkdaşlıq mövcuddur. Eyni zamanda üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlıq edilir və gələcəkdə daha da dərinləşdirilməsi nəzərdə tutulur.
Dövlət başçısı 30 illik erməni işğalına son qoyulması, məscidlərin dağıdılması, tarixi abidələrin, binaların, infrastruktur layihələrinin darmadağın edilməsi, 1 milyondan artıq minanın basdırılması, müharibədən sonra 260-dan artıq insanımızın həlak olması barədə ətraflı məlumat verdi. Prezidentin Əlcəzairə səfərinin əhəmiyyəti, istər ikitərəfli, istərsə də ərəb dünyası ilə münasibətlərin inkişafı baxımından olduqca böyük əhəmiyyət kəsb edir".