Erməni diasporası Azərbaycanın qələbəsini həzm edə bilmir
Terrorçu Babayanın və digər təxribatçıların Amerikaya, rəsmi orqanlara ayaq açmasını təmin edən məhz "ANCA"dır
Qondarma rejimin təmsilçisi David Babayan ABŞ Konqresində çıxış edəcək. Sentyabrın 19-da Vaşinqtona səfər planlaşdıran terrorçu öz çıxışında “status” və qondarma “Artsax”ın təhlükəsizliyindən söz açacaq. Səfərin təşkilatçısı isə Amerika Ermənilərinin Milli Komitəsidir (ANCA). Ekspertlərə görə, ABŞ-ın Minsk qrupu mövqeyindən sonra Babayanın Konqresdə çıxışının təşkil edilməsi təsadüfi deyil. Görünür, erməni diasporu Vaşinqtonun Cənubi Qafqaz siyasətinə ciddi şəkildə təsir edə bilib. Ağ Ev bölgəyə dair siyasətini “status” kimi perspektivi olmayan məsələlər üzərindən həyata keçirmək xəttini genişləndirir. Amerika səfirinin Şuşaya niyə getmək istəməməsinin səbəbi bir daha məlum olur.
Analitiklərə görə, rəsmi Bakı separatçı Babayanın Konqresdə çıxışı məsələsini Vaşinqtonun qarşısında qaldırılmalıdır. Lakin burada diqqətçəkən mühüm məqamlardan biri də Amerika Ermənilərinin Milli Komitəsinin müharibədən sonrakı aktiv fəaliyyətidir. Son aylar daha radikal formada addımlar atan "ANCA" bütün fəaliyyətini anti-Azərbaycan və anti-Türkiyə müstəvisində həyata keçirir. Konqresin ara-sıra arzuolunmaz və qanunazidd mövqe sərgiləməsinin də hərəkətverici qüvvəsi məhz sözügedən erməni qruplaşmadır.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Hüseynzadə "Şərq"ə açıqlamasında bildirib ki, dünya erməniləri Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini həzm edə bilmir. Birlik sədri bildirib ki, qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi erməni lobbisini kəskin şəkildə aqressivləşdirib:
"Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətini planlı şəkildə davam edirlər. Vətən müharibəsi zamanı ABŞ-ın 100-dən çox senatoru və konqresmeni Ağ Evi Ankara və Bakıya yardımı dayandırmağa, sanksiya verməyə çağırıblar. ABŞ-ın senator və konqresmenləri Bayden administrasiyası tərəfindən erməni soyqırımının tanınmasını dəstəkləmək üçün də çağırışlar edib. Ümumi olaraq 40-dan artıq senator Prezident Baydenə erməni soyqırımını tanımaq çağırışı müraciət ünvanlayıb. Erməni diasporunun ideoloji mərkəzi hesab olunan "ANCA" son zamanlar daha da fəallaşıb. Hazırda onların əsas şüarı budur: - “ABŞ-dan Türkiyə və Azərbaycana qarşı dərhal sanksiyaları tələb edin”. Bütün bu fəaliyyətlər planlı şəkildə həyata keçirilir. Prioritetlər Azərbaycana və Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək, iki ölkəyə qarşı dünyanın hər yerində böhtan kampaniyası aparmaq, qondarma "soyqırımı" tanıtmaqdan ibarətdir. Əminəm ki, terrorçu Babayanın və digər təxribatçıların Amerikaya, rəsmi orqanlara ayaq açmasını təmin edən də məhz "ANCA"dır.
F.Hüseynzadə vurğulayıb ki, erməni lobbisi müxtəlif ölkələrdə Azərbaycan və Türkiyənin diaspor üzvlərinə də fərqli yollarla təzyiq edir və ya etdirirlər:
"Ermənilər xarici mediada azərbaycanlıları və türkləri "qatı millətçi, şovinist" kimi qələmə verir, onları işlədiyi yerlərə və ya təmsil olundulqarı partiyalara şikayət edir, bununla yanaşı diplomatik korpus və səfirliklərdə təxribatlar törədirlər. Azərbaycanlı və türk diaspor üzvlərinə qarşı sosial mediada da qarayaxma kampaniyası aparır və hətta onları ölümlə təhdid edirlər. Erməni lobbisinin hədəfi bir millət və iki dövlətin diasporunun xaricdə nüfuzunu gözdən salmaq, ümumiyyətlə türk xalqlarının birliyini zədələməkdir. Göründüyü kimi, "ANCA" türk dünyası ilə bağlı öz qarşısına çox kəskin prioritetlər qoyub və artıq terror təşkilatı imici yaradır".
Ekspert bəyan edib ki, Azərbaycanla Türkiyə arasında birlik çox yüksək səviyyədədir, iki ölkə bir-birinə qarşılıqlı dəstək verir:
"Azərbaycanla Türkiyənin birliyi türk dövlətlərinin də birliyinə vəsilə olub. Məhz Azərbaycanla Türkiyənin səyləri nəticəsində 2021-ci ildə Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrildi. Azərbaycanla Türkiyənin önücüllüyü, o cümlədən digər türk dövlətlərinin və xalqlarının iştirakı ilə xüsusən informasiya cəbhəsində “Erməni lobbisinə qarşı türk platforması”nın yaradılmasını zəruri hesab edirik".