1 kiloqram 200 qram qızılını ələ keçiriblər - Anasını 4 saat telefonla aldadıblar

Türkiyənin Diyarbəkir şəhərində özlərini polis kimi təqdim edən dələduzlar tibb bacısının anasını dörd saat ərzində telefonla aldadaraq 1 kiloqram 200 qram qızılını ələ keçiriblər.

Sherg.az xəbər verir ki, DHA-nın məlumatına görə, hadisə oktyabrın 14-də Diyarbəkirin Kayapınar rayonunda baş verib.

Dələduzlar tibb bacısı Esma Aslanın anası Zekiye Aslana zəng edərək, 2017-ci ildə itirdiyi şəxsiyyət vəsiqəsi ilə bağlı dələduzluq hadisəsinin baş verdiyini iddia ediblər. Onlar ailənin şəxsi məlumatlarını sadalayaraq etibar qazanıb, şəxsiyyət məlumatlarından istifadə edən bir qadının əri ilə birlikdə zərgərlik mağazasından qızıl oğurladığını söyləyiblər.

Şübhəlilər evdəki qızılların müqayisə üçün yoxlanılmalı olduğunu bildirərək onları təhvil verməyi tələb ediblər. Nəticədə evdəki 1 kiloqram 200 qram qızıl gələn şəxsə verilib.

Üç şübhəli həbs edilib

Hadisə ilə bağlı başladılan araşdırma çərçivəsində üç şübhəli saxlanılaraq həbs edilib. Lakin qızılların harada olduğu hələlik müəyyənləşdirilməyib.

Esma Aslan Diyarbəkir Ədliyyəsinin qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, hadisə zamanı anası evdə tək olub, özü isə xəstəxanada işləyib. Onun sözlərinə görə, dörd saatlıq telefon danışığı ilə anasını aldadan şəxslər qızılları evin qapısından təhvil alaraq aparıblar.

Aslan qeyd edib ki, təhlükəsizlik kameralarının görüntülərində qızılları götürən iki şəxsin binadan çıxdığı görünür. Onun sözlərinə görə, şübhəlilərdən ikisi hadisədən sonra 24 saat keçməmiş saxlanılıb, daha sonra isə üçüncü şəxsin də həbs olunduğu məlum olub.

“14 illik zəhmətimin qaytarılmasını istəyirəm”

Tibb bacısı oğurlanan qızılların hazırkı dəyərinin təxminən 8 milyon türk lirəsi olduğunu bildirib. O, qızılların tapılmasını və hadisədə iştirak edən bütün şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Aslanın sözlərinə görə, şübhəlilərin yaxınları ailə ilə əlaqə saxlayaraq barışıq təklif etsələr də, qızılların yeri barədə məlumat verilməyib.

“Bu, mənim 14 illik zəhmətim, alın tərimdir. Qızıllarımın ən qısa zamanda tapılmasını istəyirəm”, – deyə o vurğulayıb.