Ermənistan düşünməlidir

Yekun Rusiya ilə anlaşmayla qurula bilər

Azərbaycan Şuşa-Xankəndi yolundakı aksiyadan maksimal nəticələr əldə etməkdə israrlıdır

  "Qarabağda azərbaycanlı ekofəalların etiraz aksiyaları davam edir. Bir aya yaxındır ki, Azərbaycan təbii sərvətlərinin talanmasına etirazını bildirir. Aksiya olan ərazilərdə insidentlər qeydə alınmır, vəziyyət stabildir. Bu stabillik Azərbaycan-Ermənistan sərhədindəki mənzərəyə də təsir göstərir". Bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, separatçı Ruben Vardanyan isə Qarabağdakı nüfuz kartını dəyişməklə öz qeyri-leqal ticari fəaliyyətini genişlətmək istəyir: "Qarabağdakı quldur dəstələrin kreslolarından uzaqlaşdırılması Vardanyanın Araik Arutyunyanla birləşib başqalarına "torba tikmək" şakərlərini hansı məqsədlər üçün ortaya qoyduğunu göstərir. 

Azərbaycan bir neçə ay öncə bəyan etmişdi ki, dövlət Qarabağdakı nüfuzlu erməni şəxslərlə təmasdadır və bu təmasları davam etdirəcək. Sual olunur, görəsən, Vardanyanda hansı şübhələr oyanmışdı ki, Balasanyan guya Azərbaycana işləyə bilər? Məğlubiyyət sindromu ağır dərddir və Vardanyan Qarabağa elə gündəliklə gəlib ki, bu da məğlub, rəzil bir nəticəni dəyişdirə bilmək gücündə deyil. Amma nəticədə Vardanyan məğlub separatçı subyektin təmsilçiliyinə iddialıdır deyə, o, kimlərisə xain çıxarıb oyundan kənarlaşdırmağa meyillidir. Onun hədəfində Arutyunyan da ola bilər, amma indiki mərhələdə Moskva Araiki Qarabağda saxlamaqda qərarlıdır. Vardanyan Rusiyanın milyarderlər layihəsi üzrə tamamlayıcı fiqurdur. Lakin Azərbaycan Qarabağ lövhəsində onu sıxışdırır və vurula biləcək fiqur səviyyəsinə endirir.

Beləcə, Azərbaycan əks-hücumlarla məkrli planları önləyir, lakin hələ yeni prioritetlər də qalmaqdadır".

  Ekspertə görə, Azərbaycan Şuşa-Xankəndi yolundakı aksiyadan maksimal nəticələr əldə etməkdə israrlıdır və yekun Rusiya ilə anlaşmayla qurula bilər: "Yəni problemlər olsa da, Bakı ilə Moskvanın razılığa gəlməsi ehtimalı Ermənistanın Rusiya ilə hansısa formada sövdələşməsindən bir köynək yaxındır. Sərhəd mövzusunda isə Azərbaycanla Rusiya arasında razılaşdırılmış məqamların faizi mütləqlik dərəcəsinə yaxın ola bilər. Qısası, Ermənistan düşünməlidir, ən azından, dövlət kimi funksiyalarını icra etməli və 10 Noyabr bəyanatının müddəalarını çək-çevirə salmamalıdır. Çünki Azərbaycan üstündür, hər mənada, hələ sərhədin Naxçıvan istiqamətindən də strateji məqsədlərinə çatmağa yaxındır".