Ermənistana işləyənlər ifşa olundu

Öz xalqını, dövlətini pula satanlar bir-bir aşkarlanacaq

“DTX-nin sadəcə Azərbaycanda deyil, üçüncü ölkədə Azərbaycan əleyhinə fəaliyyət göstərənləri zərərsizləşdirməsi çox önəmlidir”


  Üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını həyata keçirən 1980-ci il təvəllüdlü Rəşad Əhmədov adlı şəxs cinayət məsuliyyətinə cəlb olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında qeyd olunub ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirib.

Digər vətəndaşları da cəlb edərək videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılıb və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “Youtube” kanalları və digər sosial şəbəkələrdə paylaşılıb. Həmçinin 200 ədəd saxta xəritənin etnik separatizm məqsədilə Azərbaycan vətəndaşları arasında yayılmasını təşkil ediblər. Etnik və dini zəmində iğtişaşlar törətməyə çalışıblar. Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırıblar. 

  Casus şəbəkəsinin ifşa olunması ilə bağlı "Şərq"ə danıışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti çox peşəkar fəaliyyət göstərir. Professor bir vətəndaş kimi qurum rəhbərliyinə minnətdarlığını bildirib: 

"Eldar Mahmudovun yarıtmaz fəaliyyətindən sonra peşəkar DTX komandasının formalaşması təqdirəlayiqdir. DTX-nin sadəcə Azərbaycanda deyil, üçüncü ölkədə Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxsləri ifşa etməsi və zərərsizləşdirməsi çox önəmlidir. Nəzərə alaq ki, ələ keçən Rəşad Əhmədov birbaşa Ermənistana xidmət edib. Görün, bu adam nə qədər şərəfsizdir ki, 30 il ərzində torpaqlarımızı işğalda saxlamış, əhalimizə qarşı qətliamlar, soyqırımlar törətmiş vəhşi ermənilərə casusluq edirlər. Minlərlə şəhidin ruhunu sızladırlar. Vallah, adam belə məxluqlara deməyə söz tapmır. Daha doğrusu, əxlaqımız yol vermir ki, onların ünvanına layiq olduqları ifadələri səsləndirək. Lakin sevindirici hal odur ki, gec-tez düşmənə casusluq edənlər ifşa olunacaq və öz cəzalarını alacaqlar. Azərbaycanı bu cür ünsürlərdən təmizləmək lazımdır. Şükür olsun ki, ölkəmizin təhlükəsizliyi əmin əllərdədir. Xarici agentura öz məqsədinə nail olmaq üçün ilk növbədə iradəsi zəif şəxsləri, xainliyə meyilli olanları müəyyənləşdirir və onlarla əlaqə qururlar. Nəticədə öz xalqını, dövlətini pula satanların qarşılıqlı "yardımından" faydalanırlar. Əgər kiminsə xarakterində öz millətinə qarşı xəyanət arzusu varsa, hansı yolla olur-olsun, bunu büruzə verəcək".

  C.Nuriyev vurğulayıb ki, insanlarımızın xarici agentura şəbəkəsinin toruna düşməməsi üçün düzgün maarifləndirmə vacibdir: 

"Yaxşı olar ki, televiziya kanallarımızda ən azından həftədə bir dəfə maarifləndirici proqram getsin. Mən uzun müddətdir dərs deyirəm və gənclərlə mütəmadi ünsiyyətdə oluram. Həyat təcrübəm göstərir ki, gənclərlə işləyəndə bizi daha rahat başa düşürlər. Təbii ki, burada metodik, pedaqoji və psixoloji yanaşma da önəmlidir. Yeniyetmələrimizi, gənclərimizi vətənpərvər, dövlətinə və millətinə bağlı əsl vətəndaş kimi yetişdirməliyik. Ən böyük problem maarifləndirmə sahəsindədir. Sosial şəbəkələrdə adətən çoxsaylı materiallar yüklənir və sürətli yenilənir deyə gənclər onları oxuyub çatdıra bilmir. Ona görə də bu platforma üzərindən maariflənmə istənilən nəticəni vermir. Ancaq televiziyalar milli-mənəvi dəyərlərimizlə bağlı qısa, yorucu olmayan videomateriallar hazırlayıb izləyicilərə təqdim edə bilərlər. Mən də ictimai əsaslarla bu işə töhfə verməyə hazıram".