Ermənistana xəbərdarlıq edən ilk ölkə yenə Türkiyədir

Heç kimin şübhəsi olmasın, qardaş ölkə həmişə Azərbaycanın yanındadır

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmaları Səmərqənddə müzakirə edəcək. Türkiyə mediasına görə, Rusiya və Türkiyənin bu müharibənin sona çatdırılmasında oynadığı rol və bunun ardınca birgə fəaliyyəti aşkar və zəruridir. Türkiyənin iki ölkə arasındakı problemin aradan qaldırılması məqsədi ilə kontaktlara başladığı deyilir: "Bu, daha da böyümədən başa çatmalıdır. Türkiyə hər mənada Azərbaycanın yanında olacaq". Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində cümə günü Özbəkistanda keçiriləcək. Məlumat üçün bildirək ki, Ermənistan silahlılarının sentyabrın 12-13-də Azərbaycanla sərhəddə törətdiyi təxribatlara ilk və sərt formada reaksiya bildirən məhz Türkiyə rəsmiləri olub. 

Politoloq Əhəd Məmmədli "Şərq"ə bildirib ki, erməni təxribatlarını geniş işıqlandıran ilk media qurumları, televiziyalar qardaş Türkiyə KİV-ləri idi. Ekspertin fikrincə, Türkiyə rəhbərliyi də, türk xalqı da hər şəraitdə daim Azərbaycanın yanında olublar və bunu əyani sübut ediblər: 

"Qardaş ölkə bu dəfə də prosesə operativ qoşuldu. Türkiyənin XİN başçısı, o cümlədən digər rəsmiləri Ermənistana sərt xəbərdarlıq etdilər, Azərbaycanın tək olmadığını, ölkəmizin yanında olduqlarını xatırlatdılar. Sosial şəbəkələrdə Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı birmənalı olmayan fikirlər səsləndirilir. Nəzərə alaq ki, Ermənistan-Azərbaycan savaşı sərhəddə, Zəngəzur bölgəsində gedir. Ona görə də Ağdamdakı Mərkəz bu məsələyə müdaxilə etmək iqtidarında deyil. Amma Türkiyə Cənubi Qaqfazda və Azərbaycanın yanındadır. Heç kimin bundan şübhəsi olmasın".