"Ermənistanla sülh anlaşmasının imzalanması qaçılmazdır"

Prezident İlham Əliyev Litvaya səfəri zamanı önəmli mesajlar verib

  Mayın 22-də Vilnüsdə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə əvvəlcə məhdud, sonra geniş tərkibdə görüşü keçirilib. Görüşdə Litva Prezidenti Azərbaycanın xüsusilə son on ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Söhbət zamanı dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda Litva Prezidentinin Azərbaycana səfəri və həmin səfər çərçivəsində keçirilmiş görüşlərin önəmi qeyd edilib. Görüşdə ikitərəfli məsələlər müzakirə olunub, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanıb. 

Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Litvada keçiriləcək biznes forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi qeyd olunub. Söhbət zamanı nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparılıb. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirildi. Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edildi. Həmçinin bu gün imzalanmış üç sənədin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsinin önəmi diqqətə çatdırılıb. Həmçinin bu gün ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti qeyd olunub. 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirilib. Bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşdə, eyni zamanda, prokurorluq sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin aidiyyəti prokurorluq orqanları arasında sənədlərin imzalanmasının vacibliyi vurğulanıb. Litva və Azərbaycan arasında əməkdaşlığa dair sənədlər də imzalanıb. 

"Litva ilə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik"

  Prezident İlham Əliyev geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlərin müzakirə edildiyini deyib: "Bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik. Keçən il Prezident Gitanas Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni bu özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır. Və bu dialoq konkret nəticələrlə də tamamlanacaq". 

"Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir"

  Dövlət başçısı vurğulayıb ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə qitələri birləşdirən Avrasiyada daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün bizim ölkələrimizin payına böyük vəzifələr düşür: "Müvafiq qurumların bu məsələlərlə bağlı ciddi məşğul olmaları üçün razılığa gəlinib. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir. Azərbaycan üzərindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq. Müasir infrastrukturumuz buna imkan yaradır. Və Xəzər dənizinin Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq birgə səylərlə biz bu birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq. Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir də onu göstərir ki, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan uğurla bir-biri ilə əməkdaşlıq edir və əminəm ki, bu səfərdən sonra bu əməkdaşlığa güclü təkan veriləcək”.

"Bu gün keçiriləcək Litva-Azərbaycan biznes forumu önəmli addım olacaq"

  Prezident qeyd edib ki, siyasi müstəvidə əldə edilmiş razılaşmalar, təbii ki, digər sahələrə də öz müsbət təsirini göstərir: “Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadi-ticarət sahəsində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaq”. Dövlət başçısı Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırıb: "Bu gün biz regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması, nəticə etibarilə, Qafqaza uzunmüddətli sülh gətirəcək”.

“Sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”

  Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında idi, bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü: “Ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə, demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.

"Bakıda Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış memorandum uğurla icra edilir"

  Prezident vurğulayıb ki, bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır: “Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk. Prezident Nauseda Azərbaycana səfər edəndən 2 ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə anlaşma memorandumu imzalanmışdır. Bu memorandum uğurla icra edilir”.

"Avropa bazarlarına nəql edilən Azərbaycan təbii qazının həcmi artır və artacaq"

  Dövlət başçısı bəyan edib ki, Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır: “İldən-ilə nəql edilən, ixrac edilən qazın həcmi artır və artacaq”.

"Azərbaycan Prezidenti ilə İkinci Biznes Forumunun açılışını edəcəyik"

  Litva Respublikasının Prezidenti Gitanas Nauseda bildirib ki, bir il öncə Azərbaycana səfəri çərçivəçində əhəmiyyətli müzakirələrə start verilib, təhsil sahəsində əlaqələrimizi gücləndirməyə də qərar verilib: "Bu gün Azərbaycan Prezidenti ilə İkinci Biznes Forumunun açılışını edəcəyik. Mühüm sənədlər də imzalandı. 2006-cı ildə Litva beynəlxalq inkişafa dair layihələrdə Azərbaycanla birgə iştirak edir”.

"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə verir"

  Litva Prezidenti deyib ki, Rusiyanın Ukraynada apardığı müharibə əməkdaşlığımıza yeni məzmun qatır: "Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə verir. Əminəm ki, ölkələrimiz arasında dostluq bağları daha da güclənəcək. Bu gün biz ətraf mühit, gənclik və hüquq-mühafizə sahəsində sənədləri imzaladıq". O qeyd edib ki, bu, ikitərəfli əlaqələrə əhəmiyyətli təkan verəcək. Nauseda vurğulayıb ki, Litva Azərbaycan və Aİ arasında tərəfdaşlıq əlaqələrinin inkişafını qətiyyətlə dəstəkləyir: “Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın genişlənməsinin Aİ-nin enerji bazarında müsbət təsiri var”.