Güclü külək və fırtına insan həyatı, yaşayış evləri və ətrafdakı əşyalar üçün ciddi təhlükə yarada bilər. Sadə təhlükəsizlik tədbirləri ilə mümkün riskləri azaltmaq və özünüzü qorumaq mümkündür.
Sherg.az xəbər verir ki, “Habertürk” nəşri fırtınadan əvvəl, fırtına zamanı və sonra görülməli olan əsas təhlükəsizlik tədbirlərini açıqlayıb.
Fırtınadan əvvəl evinizi yoxlayın
Güclü külək başlamazdan əvvəl evin damını, pəncərələrini, qapılarını və qaraj girişini yoxlamaq vacibdir. Çardaq və dam örtüyünün boş hissələri möhkəmləndirilməli, küləyin təsiri ilə yerindən qopa biləcək elementlər təhlükəsiz vəziyyətə gətirilməlidir.
Həyətdəki və balkondakı əşyaları yığışdırın
Balkonda və həyətdə olan stullar, masalar, manqallar, zibil qabları, oyuncaqlar və digər yüngül əşyalar güclü külək zamanı təhlükəli obyektlərə çevrilə bilər. Buna görə onları evə yığmaq və ya möhkəm bağlamaq lazımdır.
Avtomobili ağaclardan, elektrik xətlərindən və küçə işıq dirəklərindən uzaqda saxlamaq tövsiyə olunur. Ev heyvanları da fırtına başlamazdan əvvəl təhlükəsiz yerə gətirilməlidir.
Ağacları və dam örtüyünü yoxlayın
Ağacların qurumuş və boşalmış budaqları güclü külək zamanı qırılaraq insanlara və əmlaka zərər verə bilər. Təhlükəli ağac və budaqlarla bağlı bələdiyyəyə müraciət etmək, elektrik xətlərinə yaxın budaqları isə mütəxəssislərə kəsdirmək lazımdır.
Dam örtüyündəki boşalmış kirəmitlər, hasarlar və digər konstruksiyalar da əvvəlcədən təmir edilməlidir.
Fırtına zamanı necə davranmalı?
Fırtına başlayanda evdəsinizsə, pəncərə və qapılardan uzaq durun, binanın daxili hissəsində yerləşən kiçik otağa keçin. Mümkündürsə, rəsmi xəbərdarlıqlara uyğun olaraq təhlükəsiz sığınacaqda qalın.
Açıq ərazidə güclü küləyə yaxalansanız, binalardan, ağaclardan, reklam lövhələrindən və elektrik xətlərindən uzaqlaşın. Zərurət olmadıqca yola çıxmayın. Avtomobildə olarkən təhlükəsiz yerdə dayanaraq küləyin səngiməsini gözləyin; körpü və estakadaların üzərində dayanmaqdan çəkinin.
Fırtınadan sonra ehtiyatlı olun
Fırtına səngidikdən sonra ətrafı yoxlayarkən qırılmış budaqlara, zədələnmiş tikililərə və yerə düşmüş elektrik naqillərinə yaxınlaşmayın. Elektrik xətlərinin qırıldığını görsəniz, ərazidən uzaq durun və aidiyyəti qurumlara məlumat verin.
Binada qaz qoxusu hiss edirsinizsə, içəridə qalmayın və təhlükəsiz məsafəyə uzaqlaşaraq müvafiq xidmətə xəbər verin. Uşaqları və ev heyvanlarını da təhlükəli ərazilərdən uzaq saxlamaq vacibdir.