Fransa Cənubi Qafqazdakı maraqlarına özü zərbə vurur

Azərbaycan öz milli maraqlarını qorumaq imkanına malik güclü bir dövlətdir

  "Fransa Azərbaycanın imkanlarını düzgün qiymətləndirə bilmir". Bunu Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib. Deputat bildirib ki, Cənubi Qafqazda davamlı sabitliyin, sülh və təhlükəsizlik mühitinin formalaşması üçün çox əlverişli imkanlar mövcuddur. Bu imkanları düzgün qiymətləndirmək, regionun bütün xalqlarının mənafelərinə xidmət edən strategiya həyata keçirmək lazımdır: "Təbii ki, bölgədə maraqları olan böyük dövlətlər də prosesə yaxşı mənada öz töhfəsini verə bilər. 

Lakin bunun üçün siyasi iradə, tərəfsizlik və obyektivlik ən əsas şərtlərdir. Fransa parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə qəbul olunmuş qərarlar, eyni zamanda müxtəlif platformalarda ölkəmizə qarşı atılmış addımlar ikitərəfli münasibətlərdə etimadsızlığın başlıca mənbəyidir.

 Fransa faktiki olaraq, daha çox Ermənistanın maraqlarını, qeyri-konstruktiv mövqeyini müdafiə edən siyasət yürüdür ki, bu da Azərbaycan tərəfinin haqlı suallarına səbəb olur. Fransanın Azərbaycanla bağlı siyasəti, ölkəmiz əleyhinə atdığı addımlar münasibətlərdə soyuqluğun yaranmasının əsas səbəbidir. Cənab Prezidentin də yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, Azərbaycan bu ölkəni Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesində etibarlı vasitəçi kimi görmür”. 

  S.Məmmədov vurğulayıb ki, Azərbaycan hər zaman Fransa ilə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurmağa çalışıb. Əlaqələrin möhkəmləndirilməsi üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə cəhd göstərib: 

“Lakin beynəlxalq münasibətlərdə bütün məsələlər qarşılıqlı olaraq tənzimlənməlidir. Təəssüf ki, Fransanın xüsusilə son bir neçə ildə yürütdüyü siyasət nə tarixi ədalətə, nə beynəlxalq hüquqa, nə də ikitərəfli münasibətlərin tarixi ruhuna uyğun gəlir. Hesab edirəm ki, bu cür addımlar hər şeydən əvvəl Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbə vurur. Azərbaycan heç vaxt hər hansı ölkə ilə münasibətlərdə soyuqluğun yaranmasının təşəbbüskarı olmayıb, lakin öz milli maraqlarını qorumaq imkanına malik güclü bir dövlətdir. 

Deputatın fikrincə, Fransanın bugünkü siyasəti bu ölkənin hakimiyyət strukturlarının reallıqları və Azərbaycanın faktiki imkanlarını düzgün qiymətləndirə bilmədiklərinin göstəricisidir".