“Gələn il pensiyalar 14-15 faizə indeksasiya olunacaq”

“Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq”
  Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna təklif edilən düzəlişlər müzakirə edilib. Yeni təkliflər iki mühüm istiqaməti əhatə edir. Bu təkliflər maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunmasıdır. Mövcud qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi.
  Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, pensiyaları indeksasiyaya cəlb olunmayan şəxslərin əməkhaqqıları 3-5 ildən bir artırılırdı. Lakin qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu. Deputatın sözlərinə görə, onların pensiyaları indeksasiya olunmadığı üçün həmin vətəndaşlarımız bu imkandan faydalana bilmirdi: "Yeni dəyişikliklər qəbul olunandan sonra vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər. Məsələn, 2001-2011-ci illərdə on illik indeksasiya faizi 98 faiz olub. Bu müddətdə dövlət qulluqçusunun pensiyasında 69, hakimlərdə 25, hərbi qulluqçularda 59, xüsusi rütbəlilərdə 81, ədliyyə işçilərində 69 faiz artım qeydə alınıb. Göründüyü kimi, əgər həmin vətəndaşlarımız da bu müddətdə vahid indeksasiya sistemindən istifadə etsəydilər, pensiya məbləğlərində daha çox artım qeydə alınardı. Yeni dəyişikliklər məhz həmin vətəndaşlarımıza bu imkandan faydalanmağa şərait yaradacaq. Bu baxımdan, qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən daha çox artacaq, onların sosial rifahına müsbət təsir göstərəcək".
  Parlament üzvü deyib ki, indeksasiya hər il yanvar ayında aparılır. Bu o deməkdir ki, yeni dəyişikliklər qəbul olunandan sonra 2023-cü ilin ilk ayında bütün növ əmək pensiya məbləğlərində artımlar olacaq: "Bu il minimum əmək haqqı məbləğində artım olduğu üçün orta aylıq əmək haqqında əvvəlki illərə nisbətən daha yüksək faizli artım qeydə alınacaq. İlin ilk 7 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, 2022-ci ildə orta aylıq əmək haqqı 15 faiz artarsa, o zaman 500 manat vətəndaşımızın pensiyasında 75 manat artım olacaq".