Gömrük orqanları sahibinin iştirakı olmadan yoxlama apara biləcək - İZAH

 Səyyar gömrük yoxlamaları videoçəkiliş və digər sənədləşmə formalarını əhatə edəcək

Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, səyyar gömrük auditi planlı (növbəti) və plandankənar (növbədənkənar) olmaqla gömrük orqanının qərarı əsasında idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə həyata keçiriləcək.

Səyyar gömrük auditi gömrük bəyannaməsində qeyd olunan mallar gömrük nəzarəti altında olarkən və ya gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində gömrük orqanının qərarı əsasında həyata keçiriləcək. Səyyar gömrük auditi 20 iş günü müddətində aparılacaq. Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 iş gününədək artırıla bilər. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Gömrük Məcəlləsinə edilən dəyişikliklə bağlı “Sherg.az”a danışan iqtisadçı Rauf Qarayev bildirdi ki, bununla bağlı gömrük komitəsinin sədri Şahin Bağırovun açıqlaması vardı: 

- Komitə sədri qeyd edirdi ki, səyyar gömrüklə kameral arasında fərqi tam götürmək üçün Gömrük Məcəlləsində dəyişikliyə ehtiyac var. Səyyar gömrük yoxlamaları videoçəkiliş və digər sənədləşmə formalarını əhatə edəcək. Onun sözlərinə görə, qərarlardan məhkəməyə şikayət verilməsi və onların inzibati qaydada ləğvi mexanizmləri auditin nəticələrinə əsasən müəyyən ediləcək. O, sistemin inkişafının gömrük yoxlamalarının daha böyük dərəcədə distant formata keçirilməsinə və biznes üçün daha az maneələrin yaradılmasına yönəldiyini vurğulayıb. Azərbaycanda gömrük orqanları iki iş günü ərzində bəyannaməçinin, malın sahibinin, digər səlahiyyətli şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında akt verə biləcək. Bu gömrük orqanının fikridir. Hesab edirəm ki, həqiqətən də kameral yoxlamalarla, səyyar yoxlamaların tam aydın olması üçün Gömrük Məcəlləsində dəyişikliyə ehtiyac var idi. Dəyişikliyin səbəbi bəzi məsələlərə aydınlıq gətirməkdir.