Güc birlikdədir: Diaspor təşkilatları səfirliklərimizin ətrafında birləşməlidir

  "Diaspor təşkilatlarının səfirliklərlə bir yerdə çalışması, tədbirlər keçirməsi günün tələbidir". Bu sözləri "Şərq"ə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Ekspert bildirib ki, Prezident İlham Əliyev bir neçə dəfə səfirliklərimizə, diaspor təşkilatlarına göstəriş verib ki, daim əlaqədə olsunlar, birgə fəal əlaqəli şəkildə işləsinlər: "Ziddiyyətlər aradan qaldırılmalıdır. Müxtəlif ölkələrdə erməni lobbisi daha da radikallaşaraq açıq şəkildə Azərbaycanla bağlı böhtan xarakterli məlumatlar yayır. Ölkəmizə qarşı qara kampaniya aparırlar. Hətta bəzən konkret səfirliklərimizi və diasporumuzu hədəfə alaraq əsassız yazılarla çıxış edirlər. Bu tendensiya, xüsusən Skandinaviya ölkələrində daha çox özünü büruzə verir. Məsələn, İsveçdə elə jurnalist var ki, Azəraycana qarşı 130-dan artıq məqalə yazıb. Araşdırmamıza görə, bir çox hallarda belə jurnalistlər erməni diplomatlarının maliyyəsi ilə Azərbaycana qarşı yazılar yazırlar. Başqa ölkələrin jurnalistlərini də bu kimi məqalələr yazmağa təhrik edirlər. Bu baxımdan indiki vəziyyətdə səfirliklərimizlə diasporumuzun dövlətimiz naminə birgə çalışmaları zərurətdir. Bu formada düşmənə qarşı effektiv nəticəsi olan işlər görmək mümkündür".

  F.Hüseynzadə vurğulayıb ki, diaspor təşkilatları səfirliklərə öz təşəbbüskarlıqları ilə dəstək olmalı, əməkdaşlığı gücləndirməlidir: 

"Bu fəaliyyət Azərbaycanın xaricdə təbliğatının daha da güclənməsinə və müsbət imicinin formalaşmasına xidmət etməlidir. Səfirliklərimiz diaspor jurnalistləri ilə birgə fəaliyyət göstərdikləri ölkələrin media nümayəndələri ilə əlaqəli şəkildə işləməlidir. Küveytdəki səfirliyimizin effektiv fəaliyyətini model olaraq göstərmək olar. Artıq Azərbaycana dost olan küveytli jurnalistlərin sayı ildən-ilə artmaqdadır. Məhz onların sayəsində Küveyt və digər ərəb ölkələrində Azəbaycan həqiqətlərinin yayılması işi asanlaşıb. Bununla yanaşı, bəzən tanınmış küveytli jurnalistlər öz təcrübələrini seminar şəklində gənc azərbaycanlı jurnalistlərlə bölüşürlər. Xaricdəki azərbaycanlıların yüksək mövqelərə sahib olmaları və ölkəmizi ləyaqətlə təmsil etmələri səfirliklərin də maraq dairəsində olmalıdır. Diaspor təşkilatlarının səfirliyə söykənməsi elə dövlətimizə arxalanması deməkdir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, güclü müstəqil Azərbaycan dövləti dünyada yaşayan bütün soydaşlarımızın arxasında dayanır. Prezident sonuncu dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə müraciətində bir daha qeyd etdi ki, Azərbaycan dövləti onlar üçün böyük dayaqdır. Dövlətin gücünün artması diaspor nümayəndələrinə və onların fəaliyyətinə də müsbət təsir edir. Diaspor nümayəndələri bilməlidirlər ki, səfirliklərimiz Azərbaycanın xarici siyasətini aparır və dövlətimizi təmsil edirlər. Fikrimizcə, diaspor təşkilatlarının səfirliklər ətrafında birləşməsi dövlət siyasətimizi daha da gücləndirər".