"Gün gələr, bu acılar bitər..."
Kənan Novruzov
Son vaxtlar sosial şəbəkələrdə yayılan bir video məni çox qəhərləndirir, qəribə, izahedilməz duyğular yaşadır. Səmadan, çox güman ki, xüsusi dronlarla paytaxtımızın ən gözəl, ən füsunkar yerləri çəkilib. Mənzərələr dəyişdikcə Erdem Aktaş və Elvin Abdullayevin arxa fonda səsləndirdikləri "Gün gələr, bu acılar bitər..." mahnısı ilə başa düşürsən ki, bu, yuxu deyil. Belə yuxu olmaz. Yuxu olsa oyana, üzümüzə su vurub, gördüklərimizi unuda bilərik. Amma indi, deyəsən, əlimizdən heç nə gəlmir...
Dünyanı bürüyən, ən böyük ölkələrin ən gözəl şəhərlərini- Çinin Pekinini, Almaniyanın Berlinini, İngiltərənin Londonunu, İtaliyanın Romasını, Türkiyənin Ankarasını...turistlərsiz, insanlarsız qoyan koronavirus pandemiyası əfsuslar olsun ki, bizdən də yan keçmədi. Təqribən bir aydır ölkəmizdə karantin rejimi elan olunub. İşlər, demək olar, dayanıb. Heç kim evdən çölə çıxa bilmir. Bəziləri səhhətini, ətrafındakıları düşünür, bəziləri də cərimələnməkdən qorxur. Əslində fərqi yoxdur. Əsas odur ki, şəhərdə çox az hallarda kiməsə rast gəlmək olur. Hətta mağazaya gedəndə də gərək xüsusi qaydada icazə alasan...
Əksəriyyət işini onlayn formada davam etdirir. Elə mən də. Xeyli müddətdir Qala qəsəbəsindəki bağ evimizdəyəm. Burdan yazılar yazıb redaksiyaya göndərirəm. Düzü, rahatdır. Amma, az qala, hər gün təxminən eyni saatlarda bir gizilti keçir daxilimdən. Onlarca qəzet, jurnal redaksiyasının yerləşdiyi "Azərbaycan" nəşriyyatının yeddinci mərtəbəsindəki əməkdaşı olduğum "Şərq" qəzeti düşür yadıma. Darıxdığımı hiss edirəm...
Həmişə insanlarla qaynayıb- qarışan, lifti gah aşağı düşən, gah yuxarı qalxan nəşriyyat binasında indi nadir hallarda kimisə görərsən. Onlar da qəzetlə nəfəs alan, növbəti nömrənin qayğısı ilə yaşayan məsul işçilərdir.
Məlumat üçün deyim ki, "Azərbaycan" nəşriyyatı Mətbuat prospektində- avtomobillərin çox olduğu yolun kənarında yerləşir. Heç vaxt bu yolu sakit görməmişəm...Amma indi çölə çıxan varmı ki, o yolda maşın da sürsün, harasa tələssin?
Doğma Bakı Dövlət Universiteti üçün də çox darıxmışam. Hər gün sərnişinlərlə dolu metro vaqonunda on stansiya yol gedir, insan əlindən tərpənməyə imkan olmayan eskalatorla üzü yuxarı qalxırdım. Sonra ali məktəbin giriş qapısında dayanan 4-5 mühafizə işçisinə tələbə biletimi göstərərək içəri keçirdim. Əslində son vaxtlar buna ehtiyac olmurdu. Çünki artıq onlar məni, mən də onları tanıyıram. Görəsən, günü sabah, səhər tezdən universitetə getsəm, mühafizə əməkdaşlarına tələbə biletimin hətta hər iki üzünü göstərsəm, məni içəri buraxarlarmı? Çətin. Deməzlərmi ki, ilin, günün bu vaxtında sənin burada nə işin var? Deyərlər. Hələ onlar deyənə kimi, Allah bilir, yolda nə qədər saxlayacaq, neçə adam təəccübdolu baxışlarını mənə zilləyəcək. Tərslikdən tibbi maska taxmağa da heç öyrəşməmişəm. Bir də ki, bəzi həkimlərin dediyinə görə, tibbi maskanı xəstələr taxmalıdır, sağlamlar yox Allah xəstəlikdən qorusun. Bəzilərimizi deyil, bütün insanlarımızı!
Karantin rejimilə əlaqədər parklardakı, bulvardakı skamyalar da bağlanıb. Elə götürək, BDU-nun yaxınlığındakı Hüseyn Cavid parkını, "Sevgililər parkı"nı. Ötən üç ildəki müşahidələrimə əsasən düşünürəm ki, yenə həmin parklarda adamlar çox olmalı idi. Əksəriyyəti də tələbələr. Ya çəmənlikdə oturub söhbət etməli, deyib- gülməli, ya da voleybol oynamalı idilər. Heyf, koronavirus buna da imkan vermədi...
Hələ İçərişəhəri, Bulvarı...demirəm. Yəqin, oraların axşamlar necə olduğunu hər kəs bilir. Nəinki şəhər sakinləri, hətta turistlər də kifayət qədər çox olardı. Fotolar çəkir, velosiped sürür, dalğaların musiqisini dinləyir, gözoxşayan interyerə, dadlı təamlara malik restoranlara, kafelərə girib, çıxırdılar. Gecə saatlarına kimi küçələr işıqlı olurdu. İndi isə... Bakı kimsəsiz qalıb... Heç kimi yoxdur Bakımın, iyirmi ildir sakini olduğum bu şəhərin. Nə küçələrində gəzənləri, nə dənizini seyr edənləri, nə də...
Mən Bakı üçün, şəhərimdən ötrü çox darıxmışam. Ramiz Rövşən demiş, özüm də bilmirəm, bu nə darıxmaqdır. Cibimdə əlim darıxır, yol getsəm yolum darıxır...
Yazıçı Anar özünün "Bakı küçələri" essesində paytaxtla bağlı nostalji hisslərini qələmə alıb. Tramvaylar şütüyən küçələri, Dağüstü parkı, bulvardakı "Mirvari" kafesini... xatırlayıb. Əslində yazının elə ilk abzasından növbəti cümlələrin nədən bəhs edəcəyini təxmin etmək olur: "Zaman etibariylə Bakı mənim üçün bir yox, bir neçə şəhərdir. Keçmiş Bakı var, o şəhərdən çox fərqlənən indiki Bakı var və mənim xəyallarımda canlandırdığım gələcəyin Bakısı var". Kaş, Bakı tezliklə əvvəlki günlərinə qayıtsın.
Müəllif həmin yazısını xalq misalı ilə yekunlaşdırır: "Keçən günə gün çatmaz, calasan da günü günə...". Əlbəttə, həmin günlər yenidən gələcək, həsrət sona çatacaq, acılar bitəcək- biz Bakımıza qovuşacağıq. O da bizi qucaqlayacaq, sinəsinə sıxacaq...
P.S: Darıxdığım, görüşmək istədiyim xeyli insan var. Vədələşmişik ki, karantin rejimi bitən kimi görüşək. Amma ən çox da fəal həyat tərzi üçün darıxmışam. Bilirəm, "Küləklər şəhəri" də darıxıb...Bu günlərdə dualarımız eynidir...