Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ

Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur

Bank kartı ilə gediş haqqı ödənişləri edildikdə kartdan artıq məbləğlərin çıxılması ilə bağlı vətəndaşların sosial şəbəkələrdə statuslarıyla qarşılaşırıq. Jurnalist dostumuz Rasim Mədəd də bu məzmunda paylaşım edib. Həmkarımız bir qədər də yumoristik tərzdə yazır ki:

“Yatmışdım, gecə yuxuda gördüm ki, metro ilə harasa gedirəm. Oyananda baxdım ki, yuxuda metrodan istifadə etdiyimə görə kartımdan 60 qəpik çıxılıb. İndi gördünüz, Azərbaycanda süni intellekt bütün dünyadan çox inkişaf edib... Hələ onu demirəm, dünən metrodan 1 dəfə istifadə etdiyimə baxmayaraq, kartımdan üç dəfə 60 qəpik çıxılıb”. Jurnaslit kartdan məbləğlərin çıxılmasını əks etdirən sübut da təqdim edib. Qeyd eədk ki bir neçəı gündür eyni məzmunlu paylaşımlar qarşımıza çıxır. Və vətəndaşlar gediş haqqı ödəmədə QR kodla oxut, terminallarda təmassız ödəniş üsulundan köhnə “Bakıkart” üsuluna keçdiklərini bildirirlər.  

 Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında mövcud durumu izah etdi: 

- İradlar var, istifadəçilər sosial media üzərindən yazırlar. Düşünürəm ki, problemin həlli yönündə yaxın müddətdə iş görüləcək. Çıxılan pulun – gediş haqqı üçün tutulan pulun hansı tarixə aid olduğu məlumatı qeyd olunacaq. Hər şəhərin ictimai nəqliyyat sektoruna aid öz gediş haqqı kartı var, bizdə də məlumdur ki, bu, Bakıkartdır. Burda ödənişlər anında görünür, bilinir. Amma bank ödənişləri bir qədər fərqlidir. Bank ödənişlərində anında pul çıxılsa da, arxasındakı hesablama sistemi bir qədər vaxt aparır. Bu, bir gün də ola bilər, bir neçə gündən sonra da hesabat göndərilə bilir. Vətəndaşlarda şübhə qalmasın deyə, çıxılan pul hansı tarixdə, hansı səfərdə, hansı avtobusda və ya metro səfərində sərf olunub, bunun qeyd olunması istiqamətində iş görülür, yaxın zamanda bilinəcək.  

R.Ağamirzəyev bildirdi ki, iradlarla bağlı BakıBus da məlumat yayıb. NFC ödənişləri ilə bağlı “K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin birgə açıqlamasında bildirilir ki, NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər. Bu, ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır. Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.

Hazırda müşahidə olunan “ardıcıl vəsait çıxılması” halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.

Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.

Qeyd edilik ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.

Layihənin operatoru “BakıKart”dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə BakıKart-a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq.