- “Əməkdaşların belə dispetçerlə operativ əlaqəsi yoxdur”
Aeroportda ekspress avtobusların iş qrafiki sərnişinlərdə narazılıq yaradır. Başqa necə ola bilərdi ki? Və ya necə olacağını gözləyirdik? Bizdə hansı iş mükəmməldir ki ekspress avtobuslar da düzgün, qrafiklə işləsin.
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev xarici ölkəyə səfərdən qayıdarkən Beynəlxalq Hava Limanında xoşagəlməz vəziyyətlə qarşılaşıb. Bu haqda sosial şəbəkədə paylaşım edən mütəxəssis bildirir ki: 
- Səfərdən qayıdan kimi Hava Limanı Ekspressi ilə bağlı xoşagəlməz vəziyyətlə qarşılaşdım. Hava limanının çıxışında ekspress avtobus köşkündə cədvəl üzrə avtobusların yola düşmə vaxtları göstərilir və əməkdaşlar sərnişinləri istiqamətləndirirlər. Cədvələ əsasən avtobus saat 02:15-də yola düşməli idi. Mən isə 01:45-dən gözləyirdim. Vaxt tamam oldu, amma avtobus gəlmədi. Məsələni dəqiqləşdirmək üçün 7/24 fəaliyyət göstərdiyi bildirilən Hava Limanı Ekspressi ilə bağlı 141 qaynar xəttinə zəng etdim. Lakin gecə saatlarında yalnız siqnal səsindən sonra səsli mesaj verildi və müraciətə iş saatlarında geri dönüş ediləcəyi bildirildi. Avtobusun yerini izləmək üçün AynaMaas tətbiqindən istifadə etmək istədim, amma texniki təkmilləşdirmə səbəbindən məlumat göstərilmirdi. Yenidən köşkə yaxınlaşdıqda məlum oldu ki, əməkdaşların da dispetçerlə operativ əlaqəsi yoxdur. Nəticədə avtobus 02:30-da gəldi və yalnız 02:40-da hərəkət etdi. Gecikməyə səbəb kimi "sürət həddini azaltdığımız üçün gecikirik" izahı verildi. Bu arqument isə inandırıcı görünmədi. Bununla yanaşı, avtobusda sərnişinlər üçün nəzərdə tutulmuş Wi-Fi xidməti də işləmirdi.
Mütəxəssis sual edir ki, niyə hava limanında avtobusların real vaxt rejimində gəliş və gedişini göstərən elektron tablo yoxdur? Niyə sərnişinlər avtobusun harada olduğunu izləyə bilmirlər:
- Əgər hərəkət qrafikində dəyişiklik edilirsə, bu dəyişiklik elektron tablolarda, mobil tətbiqdə və digər məlumat kanallarında eyni vaxtda əks olunmalıdır. Hava limanı ölkəyə gələn qonaqların ilk təəssürat formalaşdırdığı məkandır. Buna görə də Hava Limanı Ekspressi təkcə avtobus xidməti deyil, həm də ölkənin nəqliyyat sisteminin vizit kartıdır. Bu xidmətin etibarlı, dəqiq və rəqəmsal baxımdan əlçatan olması vacibdir.