Hələ də qeyri-leqal Qarabağa mina daşınır


Revanşist meyillərlə Ermənistan regionda dayanıqlı sülhün formalaşmasına imkan vermir


  Azərbaycan Ordusunun hərbi qulluqçusu Kamran Hüseynov martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib. Minaya düşərək şəhid olan hərbçi Kamran Hüseynov Neftçala sakinidir. O, 1995-ci il təvəllüdlüdür və evin tək oğlu olub. Ermənistan 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Bununla yanaşı, dəfələrlə sübut olunub ki, ermənilər Azərbaycan ərazilərinə silah, sursat və 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçiriblər. 

Minaların yerləşdirilməsi faktları Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib. Ümumilikdə Ermənistan tərəfinin torpaqlarımıza basdırdığı minaların partlaması nəticəsində üç yüzə yaxın şəxs ağır xəsarətlər alıb, əlil qalıb. 50-yə yaxın insan isə mina partlayışının qurbanına çevrilib. 

  Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan hökuməti 1 milyon məcburi köçkünü öz doğma yurdlarına qaytarmaq üçün intensiv yenidənqurma işləri aparır. Deputat deyib ki, 30 illik işğal müddətində Azərbaycan ərazilərində 1 milyon mina basdıran Ermənistan isə hələ də qeyri-leqal olaraq Qarabağa mina daşıyır:

 "Eyni bölgədə iki fərqli yanaşmanı müşahidə edirik. Revanşist meyillərlə Ermənistan regionda dayanıqlı sülhün formalaşmasına imkan vermir. Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir. Təbii ki, regionun inkişafı üçün ən məqbul yol qarşıdurma deyil, məhz qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınmasına xidmət edəcək sülh müqaviləsini imzalamaqla yeni səhifəni açmaqdır. 

Ermənistanın təxribatlarına rəğmən Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri davam edir. Ötən il işğaldan azad olunan ərazilərimizdə yenidənqurma işlərinə 4 milyard 315 milyon manat ayrılıb. Bütövlükdə, son 2 ildə bu istiqamətə 6.5 milyard manat yönəldilib. 2022-2026-ci illərdə isə işğaldan azad oluna ərazilərimizin bərpa və yenidənqurmasına 19.2 milyard manatın ayrılması nəzərdə tutulub. Qarabağda ərazilərin 15 faizi minalardan təmizlənib. 

Artıq bu ilin sonunda "Böyük Qayıdış"ın yeni mərhələsi başlanılacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar".