Parlament üzvü vurğulayıb ki, Ulu Öndərin yüzilliyinin keçirilməsi tarixi hadisədir
Milli Məclis Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiq edib. Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı məzmunda yeni hissə əlavə edilir. "Heydər Əliyev" medalı ümumi diametri 42 millimetr olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarət olacaq. Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz yerləşdirilib. Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış, diametri 26 millimetr olan dairəvi lövhə yerləşdirilib. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “HEYDƏR ƏLİYEV” sözləri, aşağı qövs boyunca “1923-2023” rəqəmləri yazılıb. Daxili çevrənin içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunub. Layihəyə əsasən, yubiley medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycanın və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif ediləcəklər. Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda ordenlərdən sonra taxılacaq. İctimaiyyət nümayəndələri hesab edirlər ki, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi olduqca əhəmiyyətlidir.
Milli Məclisin üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirli "Şərq"ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" kimi qeyd olunur. Deputatın sözlərinə görə, il ərzində Ulu Öndərlə bağlı həm ölkə daxilində, həm də xaricdə çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur:
"Artıq bu istiqamətdə bir neçə tədbir, konfrans keçirilib. O cümlədən sərgilərin keçirilməsi, diaspora təşkilatlarında tədbirlərin təşkil olunması, sənədli filmlərin çəkilişi, kitabların nəşr olunması və s. addımların atılması da nəzərdə tutulur. Eyni zamanda Parlamentdə "Heydər Əliyev" medalının təsis edilməsi ilə bağlı qanun layihəsini müzakirə etdik. Qanunda yazılıb ki, "Heydər Əliyev" medalı mükafatların düzülüşündə ordenlərdən sonra gələn ilk medal olacaq. Yəni medalların siyahısında birinci yerdə dayanacaq. Xatırladım ki, Azərbaycanda yüksək mükafatlar arasında "Heydər Əliyev" ordeni də var. Bu da ölkəmizin ən yüksək dərəcəli mükafatı sayılır. Medal isə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında, dövlətçilik fəaliyyətində xüsusi fəallığı olan, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasında fədakarlıq etmiş şəxslərə təqdim olunacaq. Hesab edirəm ki, "Heydər Əliyev İli" çərçivəsində belə bir medalın təsis edilməsi Ulu Öndərə olan böyük ehtiramın ifadəsidir. "Heydər Əliyev İli"ndə müəyyən şəxslərin bu medalla mükafatlandırılması çox qürurverici bir hadisə olacaq. Bu, Vətən və dövlət üçün göstərilən xidmətlərin birbaşa qiymətləndirilməsi deməkdir. Parlamentarilərimiz də çıxışlarında medalın təsis olunmasına yüksək qiymət verdilər. İnanırıq ki, layiqli insanlar bu medalla təltif olunacaq".
Parlament üzvü vurğulayıb ki, Ulu Öndərin yüzilliyinin keçirilməsi tarixi hadisədir: "Xoşbəxt adamlarıq ki, tarixi şəxsiyyətlə eyni dövrdə yaşamışıq və Ümummilli Liderin yüzilliyini qeyd etmək bizə nəsib olub. Nə qədər ki, Azərbaycan dövləti, xalqı var, hər zaman Ulu Öndər Heydər Əliyev olacaq. Belə şəxsiyyətlərin ömrü əslində mənsub olduqları xalqların ömrü qədərdir. Ona görə də bu gün hər bir azərbaycanlı öz qəlbində Ulu Öndərin əbədi heykəlini qoyub. Minnətdarlıq hissimiz əməli işlərimizdə olmalıdır".