Heydər Əliyevin bütün ideyaları həyata keçib
Milli Məclisin xüsusi iclasında 228 xarici nümayəndə iştirak edib
Dünən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilib. İclasda 30-a yaxın xarici ölkənin parlamentinin, o cümlədən Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Ümumilikdə iclasda 228 xarici nümayəndə iştirak edib.
"Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan əbədi yaşayacaq"
Spiker Sahibə Qafarova bildirib ki, Heydər Əliyev olmasaydı, bu gün müstəqil Azərbaycan dövlətindən danışmaq çətin olardı. O deyib ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir: “Sabitliyin, təhlükəsizliyin təmin edilməsi neft strategiyasının həyata keçirilməsinə imkan verdi, ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyuldu. Neft ehtiyatlarından səmərəli istifadə üçün Neft Fondu yaradıldı, iqtisadi islahatlar, özəlləşdirmə həyata keçirildi. Elmi əsaslar üzərində qurulan xarici siyasət konsepsiyasının həyata keçirilməsinə başlandı”. Spiker qeyd edib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edilib, mədəniyyətin inkişafı üçün müvafiq addımlar atılıb: “Milli həmrəyliyə nail olmaq üçün işlər görüldü, diaspor təşkilatlarının formalaşması dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Tale Heydər Əliyevi xüsusi missiya üçün seçmişdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə Vətənə, xalqa sevgisi vəhdət təşkil edirdi. Prezident İlham Əliyev demişdir ki, xalq taleyini Heydər Əliyevə etibar etdi və yanılmadı. Məhz Heydər Əliyevin əsasını qoyduğu yolu Prezident İlham Əliyev uğurla davam etdirir. Əldə olunan uğurlar dünyanın diqqətini ölkəmizə cəlb edib, 30 illik işğala son qoyulub, ərazi bütövlüyümüz təmin olunub. Əminəm ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan əbədi yaşayacaq”.
"Heydər Əliyevin dühası bütün türk dünyası üçün oriyentirə çevrilib"
Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov bildirib ki, Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına xidmətə həsr edib: "Heydər Əliyevin dühası bütün türk dünyası üçün oriyentirə çevrilib. Heydər Əliyev Qazaxıstanda xalqlarımız arasında səmimi qardaşlıq münasibətlərinin qurulmasına çalışan şəxs kimi tanınır. Heydər Əliyev bildirib ki, Qazaxıstanla müştərək taleyimiz, tariximiz olub. Mən demək istəyirəm ki, Heydər Əliyevin bütün ideyaları həyata keçib. Bu il Astanada Heydər Əliyevin adına yeni küçə açılıb. Bu küçənin açılma mərasimində Qazaxıstan Prezidenti qeyd etdi ki, dünya miqyaslı siyasətçinin xatirəsini əziz tutmaq bizim borcumuzdur. Prezident İlham Əliyevin apreldə Qazaxıstana səfəri ilə ölkəmizdə Heydər Əliyevlə bağlı bir sıra tədbirlərə start verildi, telekanallarımızda Heydər Əliyev həsr olunmuş film göstərildi. Azərbaycan türk dünyasının mərkəzlərindən biridir. Heydər Əliyevin türk xalqlarının birləşməsində böyük rolu olub. Türk Dövlətləri Təşkilatının əsası da Naxçıvanda qoyulub”.
Qazaxıstan Parlament Məclisinin Sədri vurğulayıb ki, bu gün Azərbaycan uğurla inkişaf edir: “Azərbaycan ərazi bütövlüyünü bərpa edərək inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlar əldə edəcək”.
"Heydər Əliyev müasir Azərbaycanın qurucusudur"
İordaniya Nümayəndələr Palatasının Sədri Ahmed Al-Safadi bildirib ki, Heydər Əliyevin dönəmində İordaniya ilə dost münasibətlər qurulub və bu münasibətlər Prezident İlham Əliyev və İordaniya Kralının rəhbərliyi ilə inkişaf etməkdədir: “Heydər Əliyev hər zaman xalqının intibahı üçün çalışıb. Hər iki ölkə regional və qlobal məkanda uğurla inkişaf edir".
"Şavkat Mirziyoyev Füzulidə məktəb binasının açılışını edəcək"
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib ki, bu gün böyük dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək böyük şərəfdir. O, Özbəkistanda da Heydər Əliyevin xatirəsinin yad edildiyini söyləyib: “Heydər Əliyev təkcə müasir Azərbaycanın yaradılması üçün bünövrə qoyan siyasi xadim deyil, o, həmçinin öz xalqının sevimlisidir. Eyni zamanda Özbəkistan xalqının böyük dostudur. Özbəkistanda Heydər Əliyevi tanıyırlar, xatırlayırlar və yad edirlər. Özbəkistanda da Heydər Əliyevin xatirəsinə həsr olunmuş kompleks tədbirlər həyata keçirilir. Onun xatirəsinə ölkəmizdə küçələr adlandırılıb, barelyeflər quraşdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı həmin xatirə abidələrinin, küçələrin açılışı reallaşdırıldı. Onun həyat yolundan bəhs edən xüsusi proqramlar hazırlanıb, mədəni tədbirlər, konfranslar keçirilir. Çox sevindirici haldır ki, bu tədbirlərdə ən çox aktivliyi gənc nəslin nümayəndələri göstərir. Onlar Heydər Əliyevin həyat yolunu öyrənməyə böyük həvəs göstərirlər”. Tənzilə Narbayeva hazırda Azərbaycanın Heydər Əliyev yolu ilə getməyə davam etdiyini vurğulayıb: “Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi üçün böyük işlər görülür. Heydər Əliyevin memarı olduğu işləri hazırda İlham Əliyev uğurla davam etdirir, Azərbaycan xalqına məxsus dəyərlərin qorunub saxlanılması üçün addımlar atılır".
"Heydər Əliyev Cənubi Qafqazda sülhün dəstəkçisi idi"
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib ki, Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir. Gürcü spiker qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının milli ruhunu gücləndirib, milli dövlətçiliyinin təməlini qoyub: “O, səmərəli siyasəti ilə ölkəni güclü firavan dövlətə çevirdi. Ən vacibi isə xalqın ürəyini fəth etdi. Heydər Əliyev Cənubi Qafqazda sülhün dəstəkçisi idi. O, Azərbaycanla Gürcüstan arasında güclü dostluq əlaqələrinin qurulmasını təmin etmişdi. Onun müstəsna rəhbərliyi ilə Azərbaycan-Gürcüstan-Türkiyə enerji tranzit marşrutları möhtəşəm uğurların nümunəsidir. Heydər Əliyev öz müdrikliyi ilə Azərbaycan üçün böyük miras qoyub”.
"Heydər Əliyev irsi daim yaşayacaq"
Misir Nümayəndələr Palatasının Sədri Hanaf Ali Əl Gebali bildirib ki, Heydər Əliyev ölkəsi üçün böyük nailiyyətlər əldə edib, bu nailiyyətlər Misirdə də yüksək qiymətləndirilir: “Heydər Əliyevin irsi Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın uğurlu iqtisadi inkişafının əsası Heydər Əliyev tərəfindən qoyulub. Misir dost ölkələrə dəstəyini heç vaxt əsirgəmir. Bu yaxınlarda Misir Prezidenti Azərbaycana səfər etdi, bu, Prezident səviyyəsində Azərbaycana ilk səfərdir”. Hanaf Ali Əl Gebali qeyd edib ki, Misir şirkətləri infrastruktur və tikinti sahəsində böyük təcrübəyə malikdir: “Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi sahəsində də böyük potensial var. Biz xalqlarımız üçün firavanlığa səy göstərərkən Heydər Əliyevin irsini rəhbər tuturuq. Biz ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək əzmində olduğumuzu bir daha bəyan edirik”.
"Azərbaycan haqqında danışanda xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik"
Parlamentlərarası İttifaqın Prezidenti Duarte Paçeko deyib ki, xüsusi şəxsiyyətlər haqqında yaddaş əbədidir: "Azərbaycan haqqında danışanda xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik”. O qeyd edib ki, Azərbaycan xalqı daim Heydər Əliyevə minnətdar olmalıdır: “Sizin iqtisadiyyatınızın güclü olması onun uzaqgörənliyinin nəticəsidir. Onun sayəsində Azərbaycan çox gözəl tanınır və beynəlxalq aləmdə hörmətə, nüfuza malikdir. Azərbaycan multikulturalizm dəyərlərinə, sülh və əmin-amanlığa nail oldu. Heydər Əliyev bu işləri müstəqillikdən əvvəl və müstəqillikdən sonra da gördü. Təşəkkür edirəm ki, məni bura dəvət etdiniz, mənə imkan yaratdınız ki, tarixi şəxsiyyət haqqında danışım”.
"Heydər Əliyev dünya miqyaslı siyasi xadimdir"
Qırğızıstan Joqorku Keneşin (parlament) Sədri Nurlanbek Şakiyev bildirib ki, Heydər Əliyev xalqı üçün böyük işlər görüb, iqtisadi müstəqilliyinin əsasını qoyub. Nurlanbek Şakiyev qeyd edib ki, Azərbaycanda sabitliyin təmin olunmasında da Heydər Əliyevin böyük rolu olub: “Heydər Əliyev dünya miqyaslı siyasi xadimdir, türk dünyasında böyük iz qoyub. Qırğız yazıçısı Çingiz Aytmatov deyib ki, Heydər Əliyev tarixi, əfsanəvi şəxsiyyətdir. Heydər Əliyev müasir Azərbaycan tarixinin yaradıcılarından biridir”.
"Azərbaycanın bütün uğurlarında Heydər Əliyevin izi var"
Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid ƏlAlami bildirib ki, Azərbaycanın bütün uğurlarında Heydər Əliyevin izi var. Azərbaycanın ərazi bütövlüyünü artıq bərpa etdiyini bildirən Mərakeş Nümayəndələr Palatasının sədri qeyd edib ki, Mərakeş də ərazi bütövlüyü uğrunda mübarizə aparıb. O, xüsusi sessiyada iştirakdan məmnun olduğunu vurğulayıb.
“Heydər Əliyev güclü Azərbaycan dövlətinin yaradılmasına nail olub”
Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç bildirib ki, parlamentarizmlə bağlı da Heydər Əliyevin böyük rolu var. Heydər Əliyev parlamentarizmə yeni ruh gətirib: "Prezident İlham Əliyev Serbiya xalqının böyük dostudur: “Serbiyadan Heydər Əliyevin xatirəsini birgə yad etmək üçün gəlmişik. Serbiyada çox gözəl bir parkda Heydər Əliyevin abidəsi var. Spiker Sahibə Qafarovanın Serbiyaya səfər edəcəyini elan etməsindən də şadıq. Azərbaycan hər zaman Serbiyanın dəstəyinə əmin ola bilər. Azərbaycanın gələcəyinin parlaq olmasını arzu edirəm”.
"Heydər Əliyev irsi dialoq və harmoniyanın nümunəsidir"
Rumıniya Parlamentinin Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suçiu bildirib ki, Heydər Əliyev irsi dialoq və harmoniyanın nümunəsidir. Vasile-Daniel Suçun deyib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub: “2009-cu ildə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Dostlar həyat boyu seçdiyimiz ailədir. Azərbaycan xalqına inkişaf, tərəqqi arzulayır, Heydər Əliyevin 100 illiyi münasibəti ilə təbrik edirəm”.
"Heydər Əliyev irsi xalqları inkişaf yoluna qədəm qoymağa ruhlandırıb"
Pakistan Milli Assambleyasının sədr müavini Zahid Akram Durrani bildirib ki, Heydər Əliyev Azərbaycanın inkişafını, rifahını təmin edən şəxsiyyət olub, ölkəyə çətin dövrlərdə rəhbərlik edib. O deyib ki, Heydər Əliyev hələ 1969-cu Sovet Azərbaycanında rəhbərliyə gələn zaman inkişafın əsasını qoyub: “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Azərbaycan inkişaf edən bir ölkədir. Pakistan da oxşar uğurlara nail olmaq üçün yola çıxıb. İnanırıq ki, Pakistan və Azərbaycan qarşılıqlı çalışaraq rifaha nail ola bilər. Ticarət, iqtisadiyyat, enerji, turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Biz əməkdaşlığı daha da dərinləşdirməklə inkişafı, rifahı təmin etmiş olacağıq. Heydər Əliyevin irsi xalqları inkişaf yoluna qədəm qoymağa ruhlandırıb”.
"Heydər Əliyevin xatirəsi daim yaşayacaq"
Moldova Parlamentinin sədr müavini Mixail Popşoy bildirib ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyata malik, inkişaf edən dövlətə çevrilib. Mixail Popşoy deyib ki, Heydər Əliyev daim sülh və əməkdaşlığı təşviq edib: “Heydər Əliyev Moldova ilə münasibətlərin inkişafında mühüm rol oynayıb. Biz Azərbaycan xalqı və dövləti ilə dostluq münasibətlərinin inkişafında maraqlıyıq. Moldovadakı Azərbaycan diasporu və səfirinin münasibətlərimizin inkişafında rolunu da xüsusi qeyd etmək istəyirəm”. Mixail Popşoy qeyd edib ki, Heydər Əliyevin xatirəsi daim yaşayacaq.
“Heydər Əliyev Azərbaycanın uğurlu inkişafında böyük rol oynayıb”
Belarus Nümayəndələr Palatasının sədr müavini Valeriy Mitskeviç bildirib ki, Belarus-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin müstəsna rolu var: “Bu gün Belarus və Azərbaycan prezidentləri arasında münasibətləri qeyd etmək istəyirəm. Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev Belarusun böyük dostu olduğunu sübut edib. Qarşılıqlı yardım səmərəli əməkdaşlığın təminatıdır. Liderlərimiz arasında münasibətlər dövlət qurumlarımız üçün bir etalondur. Heydər Əliyevin həyat yolu hamımız üçün etalondur”.