İctimai Televiziyanın  bu cür din təbliğatının izahı varmı? - Fazil Mustafa hiddətləndi

"Kim bunu necə anlayır-anlasın. Azərbaycan dövləti adına bu, böyük bir biabırçılıqdır".

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa feysbuk səhifəsində yazıb. 

Deputat bildirib ki, Azərbaycanın dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya Məşədi Dadaş məscidindən dünən verilən cümə xütbəsini öz loqusu ilə you tube kanalında yerləşdirib təbliğat aparır: 

"Təbliğatını apardığı da bir Qum məzunudur. Allah Şahin Həsənliyə rəhmət etsin, hər kəsin də inancına sayğılıyam. İndiyədək hətta ölkə parlamentinin bir komitəsinin iclasını belə canlı yayında verməyi özünə sığışdırmayan bu televiziya mərhum din xadiminin canlı yayından həm vida, həm də gəfn mərasimini nümayiş etdirdi. O halda gərək bütün məscidlərdəki cümə xütbələrindən reportaj versinlər. Məscidlər arasında fərq qoymanın izahını kim verə bilər?  Konstitusiyamızda dinin dövlətdən ayrıldığı yazılır. O halda dövlət büdcəsindən külli miqdarda vəsait ayrılan bu televiziyanın bu cür din təbliğatının izahı varmı? Dəfələrlə vurğulamışam ki, bu televiziya "inter.az" kanalı Azərspacedən çıxarıldıqdan sonra  irançı köstəbəklərin ideoloji mərkəzinə çevrilib. Bilirəm ki, rəsmi səviyyədə bu xəbərdarlığıma əhəmiyyət verilməyəcək. Ancaq canımız dövlətin, gözümüz millətin təhlükəsizliyi bir namus borcumuz olduğundan bundan sonra da daha qətiyyətlə bu təhlükə barədə uca səslə mövqeyimizi bildirəcəyik".