İmamoğlu Ərdoğanın ən böyük rəqibidir

İqtidar komandası qarşıdan gələn seçkilər haqda ciddi düşünməlidir

  Türkiyədə prezident seçkisinin tarixi dəyişdirilə bilər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında bildirib. Ərdoğan deyib ki, seçkinin vaxtının bir qədər irəli çəkilməsi ehtimalı var. Qeyd edək ki, “Cümhur ittifaqı”nın liderləri Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında keçirilən görüşdə seçki tarixinin 9 və ya 30 aprel, həmçinin 14 mayda keçirilməsinin mümkün ola biləcəyi müzakirə edilmişdi. Daha əvvəllər isə prezident və parlament seçkisinin bu ilin iyunun 18-də keçiriləcəyi açıqlanmışdı. Seçki yaxınlaşdıqca namizədlər də müəyyənləşməkdədir. Türkiyəli siyasətçi, Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacan "altılığın" namizədi ola biləcəyini söyləyib: "Partiyamızda məsləhətləşmələr aparılır, başa çatdıqdan sonra altı partiyanın masasında vəziyyətlə bağlı mövqeyimizi təqdim edəcəyik. Amma təbii ki, altı partiya mənim namizədliyimi dəstəkləsə, mən namizəd ola bilərəm”. Məlumat üçün bildirək ki, müxalif “altılıq” koalisiyası Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası və Gələcək Partiyasından ibarətdir. Türkiyəli ekspertlər Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun qazana bilməyəcəyini düşünəcəyi təqdirdə, geri addım atacağını iddia ediblər. Kılıçdaroğlunun da namizəd kimi Əli Babacanı dəstəkləyəcəyi deyilir. İYİ Partiyanın sədri Meral Akşener isə İstanbul bələdiyyə başçsı Əkrəm İmamoğlunu vahid namizəd görmək niyyətindədir. Bununla yanaşı, Ankara bələdiyyə sədri Mənsur Yavaşın da adı hallanmaqdadır. 

  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə açıqlamasında deyib ki, 2017-ci ildə keçirilən aprel referendumundan sonra artıq Türkiyədə prezident və parlament seçkiləri eyni gündə keçirilir. Partiya rəsmisi vurğulayıb ki, yeni qaydaya əsasən, Prezidentin seçilməsi üçün 50+1 faiz səs çoxluğu prinsipi əsas götürülür. 

Əgər ilk turda heç bir namizəd həmin səs çoxluğunu əldə edə bilmirsə, o zaman ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparır. Bu prinsip son günlərdə əsas müzakirə predmetinə çevrilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası getdikcə güclənən müxalifət partiyalarının ikinci turda vahid namizəd ətrafında birləşərək qalib gəlmə ehtimalından narahatlıq keçirir. Ərdoğanın siyasi karyerası boyunca məğlubedilməzliyinin sirri barədə müxtəlif versiyalar səsləndirilir. Bir çox siyasi təhlilçilər bunu əsasən alternativsizliklə əlaqələndirirlər. Həqiqətən də, son 20 ildə nə iqtidar bloku daxilində, nə də müxalifət cəbhəsində Ərdoğanla müqayisə oluna biləcək liderlər ortaya çıxıb. Lakin müxalif namizədlərin son bələdiyyə seçkilərində böyük şəhərlərdə qələbə qazanması onların ümidlərini artırıb. İstanbul Bələdiyyəsinə rəhbərlik edən Əkrəm İmamoğlu öz üslubu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) seçiciləri ilə yanaşı, dindar-mühafizəkar, mərkəz-solçu və kürd seçicilər arasında da rəğbət yaradıb. Hazırda Ərdoğanın ən böyük siyasi rəqibi kimi təqdim olunur". 

  S.Əsədlinin qənaətincə, Ankara Bələdiyyəsinə rəhbərlik edən digər CHP-li Mansur Yavaş isə qısa müddətdə uğurlu icraçı imici yaratmağa nail olub:

 "O, əsasən millətçi seçicilər tərəfindən dəstəklənir. Bütün bu faktorlar Ərdoğan komandasını qarşıdan gələn seçkilər haqda ciddi düşünməyə vadar edir. Buna görə seçkinin ertələnməsi və digər bu kimi məsələlər hakim partiyanın taktiki gedişləri sayıla bilər. Bütün hallarda qardaş ölkədə demokratiyanın qalib gəlməsini, xalqın iradəsinin gerçəkləşməsini və nəticələrin Türkiyənin inkişafına xidmət edəcəyini arzulayırıq".