İran XİN: ABŞ əvvəlcə müharibədə qalib gəlməlidir, sonra İranın “qənimətlərindən” danışa bilər

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın İranın “qənimətlərinin” ələ keçiriləcəyi barədə açıqlamasına münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, Bəqai “X” sosial şəbəkəsində yazıb ki, Tramp “qənimətlər qaliblərə məxsusdur” ifadəsini yazaraq ABŞ-ın Venesueladan böyük həcmdə neft götürdüyünü və eyni yanaşmanın İrana qarşı da tətbiq edilə biləcəyini bildirib.

İran XİN sözçüsü bu yanaşmanın Yozef Hellerin “Catch-22” romanındakı müharibənin şəxsi qazanc mənbəyinə çevrildiyi təsvirləri xatırlatdığını deyib.

Bəqai bildirib ki, ABŞ rəsmiləri İrana qarşı Venesuela ssenarisinin təkrarlanacağını vəd edirlər. Onun sözlərinə görə, bunun üçün isə əvvəlcə müharibədə qalib gəlmək lazımdır.

“Əvvəlcə həqiqətən qalib gəlin, sonra Hörmüzdə ilişib qalın”, – deyə Bəqai vurğulayıb.

O qeyd edib ki, heç bir məqsədinə nail olmayan, Hörmüz boğazında çətin vəziyyətdə qalan, silah çatışmazlığı və nüfuz itkisi ilə üzləşən tərəfin “İran qəniməti” barədə danışması yalnız kağız üzərində mümkündür.