İranda yeni etiraz aksiyaları başlayacaq

SEPAH-ın generalı Hüseyn Salami xəbərdarlıq edib

“Hicabsız qadınlara qarşı hökumət qüvvələri tərəfindən təzyiqlər və hücumlar davam edir, bu amillər yeni etiraz dalğasının yaranmasına gətirib çıxara bilər”

  İran İnqilab keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Salami İranda yeni etiraz aksiyalarının başlayacağı barədə xəbərdarlıq edib. O deyib ki, 2022-ci ilin sentyabrında başlayan ümumxalq etirazları İran hökumətinə qarşı ən güclü, ən təhlükəli, ən ciddi və ən geniş mübarizə olub",- Salami bildirib. SEPAH komandanı ötənilki etiraz aksiyalarının ildönümündə etiraz dalğasının yenidən başlayacağı ilə bağlı xəbərdarlıq edərək, hökuməti önləyici tədbirlər görməyə çağırıb. Qeyd edək ki, 2022-ci ilin sentyabr ayının 27-dən başlayan və bir neçə ay davam edən ümumi aksiyalar zamanı 600-ə yaxın insan öldürülüb, 20 min nəfər həbs edilib.
  Siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, İran rejiminin xalqa qarşı repressiya və edam dalğası son dönəmdə geniş vüsət alıb: "Sonuncu kütləvi etiraz mitinqlərindən sonra rejim kütləvi həbslərə və basqılara start vermişdi. Bu da qohumları, yaxınları həbs olunan, işgəncəyə məruz qalan, edam edilən insanlar tərəfindən etirazla qarşılanmışdı. Bir müddət idi etiraz aksiyaları səngiyib. Lakin hicabsız qadınlara qarşı hökumət qüvvələri tərəfindən təzyiqlər və hücumlar davam edir. Şübhəsiz, bu amillər yeni etiraz dalğasının yaranmasına gətirib çıxara bilər. İnsan haqları ilə bağlı mövcud problemləri həll etmək əvəzinə rejimin yeni təzyiqlərə, həbslərə başlaması vəziyyəti daha da gərginləşdirəcək. Həbslər üçün zəmin oldu-olmadı fərq etməz, onsuz da rejim heç bir beynəlxalq qanuna əhəmiyyət vermir. Mümkündür ki, əhali repressiya dalğası zamanı həbs olunan yaxınları və davam edən məhdudiyyətlər üçün yeni etirazlara start versinlər. Rejim də düşünür ki, yeni baş qaldıranları da həbs etsin. Fəqət bu, vəziyyəti daha da gərginlik həddinə gətirib çıxaracaq".