İranın dil tökməsi səbəbsiz deyil

Tehran əmin olmaq istəyir ki, Bakı anti-İran xarici siyasətinə qoşulacaq, yoxsa qoşulmayacaq

"İran-Azərbaycan münasibətləri həmişə dəyişkən olub, tezliklə normal məcraya yönəlməyəcək"

   Azərbaycan rəsmiləri ilə iranlı siyasilərin qarşılıqlı səfərləri reallaşmaqdadır. İran təmsilçisinin ölkəmizə gəlişindən sonra Müdafiə naziri Zakir Həsənov da İrana yollanıb. Nazir iranlı həmkarları ilə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmmədhüseyn Bagiri deyib ki, Tehran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi İranı sevindirir: 

“Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq”. Bagiri əlavə edib ki, İran Azərbaycanla hərbi sahədə əməkdaşlıqda maraqlıdır: “Təcrübə mübadiləsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. İran ordusu hərbi-tibbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına malikdir. Qarşılıqlı əməkdaşlıq hər iki dövlətin ordusunun daha da güclənməsinə töhfə verə bilər”. İranlı general qeyd edib ki, Tehran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz: “İran Azərbaycan Prezidentinin regionda “3+3” formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir. 

Bölgə dövlətləri regiondakı problemləri həll etmək imkanına malikdir. Birmənalı şəkildə bəyan edirik ki, İran hər zaman Azərbaycanın yanında olacaq. Azərbaycan İran üçün dost və qardaş dövlətdir”. 

   Bəzi təhlilçilər İranın Azərbaycanla əməkdaşlıqda səmimi olduğuna inansa da, əksini düşünənlər az deyil. Məsələn, politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, İran-Azərbaycan arasında münasibətlər həmişə dəyişkən olub. Siyasi şərhçiyə görə, İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Həmçinin, Bakının Qərblə münasibətlərinə qəzəblə yanaşır: 

“İran Xəzərdə və öz sərhədlərində NATO-nun olmasını istəmir. Münasibətlər heç vaxt tam normal məcraya yönəlməyəcək. Sadəcə indi ABŞ-Rusiya münasibətləri o həddə gərginləşib ki, yaxın gələcəkdə İranın hədəf seçilməyəcəyini heç kəs deyə bilməz. Azərbaycan bu məsələdə neytral qalmağa üstünlük verir. Rəsmi Bakı Tehranın nəzərinə çatdırmaq istəyir ki, İrana qarşı hərbi əməliyyatların öz ərazisindən ötürülməsinə imkan verməyəcək. İran Ermənistanla sıx əməkdaşlıq qurur, iqtisadi və hərbi baxımdan köməklik edir. Belə şəraitdə Azərbaycanla İran arasında səmimi dostluq münasibətlərindən danışmaq olmaz. Tehran əmin olmaq istəyir ki, Bakı anti-İran xarici siyasətinə qoşulacaq, yoxsa qoşulmayacaq. Azərbaycanın praqmatik dövlət maraqları bu məsələdə neytral qalmağa üstünlük verir. Tehran Azərbaycanın düşməni olan ölkə ilə əməkdaşlığa davam edərsə, rəsmi Bakının İrana sərt şəkildə münasibətlərin səbəbini soruşmaq haqqı var. Güman etmirəm ki, yaxın vaxtlarda Tehran Ermənistana yardımdan əl çəksin”.