- Faiq Ələkbərli bildirib ki, Pezeşkianın adını tarixə yazdırmaq imkanı var
Azərbaycanın 55 qeyri-hökumət təşkilatı İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb.
Məktubda İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququnun təmin edilməsi, Azərbaycan dilinin məktəblərdə sistemli şəkildə tədrisi və bu dildə təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılması ilə bağlı çağırış edilib.
QHT nümayəndələri Pezeşkianın Azərbaycan dilinə və milli-mənəvi dəyərlərə bağlılığını vurğulayaraq, onu bu istiqamətdə konkret addımlar atmağa çağırıblar. Həmçinin müəllim kadrlarının hazırlanması, dərslik və tədris proqramlarının tərtib olunması, zəruri hüquqi mexanizmlərin yaradılmasının vacibliyi qeyd edilib. Müraciətdə ana dilində təhsilin təmin olunması tarixi ədalətin bərpası, milli kimliyin qorunması və İranın mədəni müxtəlifliyinə hörmətin göstəricisi kimi qiymətləndirilib.
Türkoloq-alim Faiq Ələkbərli Sherg.az-a açıqlamasında İranda Azərbaycan dilində təhsil verən məktəblərin yaradılması təşəbbüsünü müsbət qiymətləndirib.
O bildirib ki, İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanının təmin edilməsi zəruridir: “İranda Azərbaycan türkcəsində danışan milyonlarla insan yaşayır. Lakin azərbaycanlı uşaqlar məktəbə qədəm qoyduqları ilk gündən öz ana dillərində deyil, fars dilində təhsil almağa məcbur olurlar. Bu, ciddi problemdir. Azərbaycanda hər il on minlərlə uşaq ana dilində təhsil aldığı halda, İranda yaşayan azərbaycanlıların da eyni hüquqdan yararlanması təmin edilməlidir. İlk növbədə Azərbaycan dilinin məktəblərdə tədrisinə başlanmalı, daha sonra bu dildə təhsil imkanları genişləndirilməlidir. Hər il birinci sinfə başlayan azərbaycanlı uşaqların sayını nəzərə alsaq, ana dilində təhsil məsələsinin əhatə dairəsinin nə qədər geniş olduğu aydın görünər”.
Faiq Ələkbərli bildirib ki, Azərbaycanda hər il 100 mindən çox şagird ana dilində təhsil aldığı halda, İranda yaşayan milyonlarla azərbaycanlı bu imkanlardan məhrumdur:
“İranda hər il on minlərlə azərbaycanlı uşaq birinci sinfə qədəm qoyur. Lakin onlar öz ana dillərində deyil, fars dilində təhsil almağa məcbur edilirlər. Bu, qəbuledilməzdir. Azərbaycanlı uşaqların ilk təhsil illərindən etibarən öz ana dillərində oxumaları təmin olunmalıdır. Buna görə də Azərbaycan dilinin İran məktəblərində tədrisinə başlanması vacibdir”.
Alim bildirib ki, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan dilində təhsilin təmin olunması məsələsini reallaşdırmaq üçün ciddi addımlar atmalıdır: “Dediyimiz kimi, təkcə bir il ərzində 10 mindən çox azərbaycanlı uşaq birinci sinfə gedirsə, bütün məktəbləri nəzərə aldıqda, bu rəqəm yüz minlərə, hətta milyonlara çatır. Belə olan halda, bu istiqamətdə səsləndirilən siyasi bəyanatlar real addımlarla öz təsdiqini tapmalıdır. Ümid edirəm ki, yaxın illərdə bu məsələ öz həllini tapacaq. Məsud Pezeşkian həqiqətən də öz adını tarixə yazdırmaq, Azərbaycan xalqının yaddaşında qalmaq istəyirsə, bu istiqamətdə mühüm addım atmaq imkanı var. Ümid edirəm ki, o, prezident kimi Azərbaycan dilində təhsilin təmin olunmasına nail olacaq və bu addım onun fəaliyyətində mühüm yer tutacaq”.