Rauf Qarayev: "Sistem korrupsiya riski ilə üz-üzədir. Özəlləşdirmə də, dövlət idarəçiliyi də problemi həll etmir”
Nazirlər Kabineti Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri”, eləcə də “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması” təsdiq edilib. Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək. Qərara əsasən balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda ödəniş 10 əmsal tətbiq edilməklə hesablanır. Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin 3.3.2-ci yarımbəndinə uyğun olaraq tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda, ödənişlər 0,7 əmsal tətbiq edilməklə hesablanır. Su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri Nazirlər Kabinetinin 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş normativləri”ndə nəzərdə tutulmuş ödənişlərdən azad etmir.
Deyəsən, son günlərin intensiv yağıntılarının paytaxtda, regionlarda yaratdığı subasmalar NK-ni hərəkətı keçirib. Tullantı sularının kanalizasiya şəbəkəsinə axıdımasına görə tariflər yenidən müəyyən edilib. 
İqtisadçı Rauf Qarayev isə “Sherg.az”a açıqlamasında bildirdi ki, tariflərin qaldırılması tullantı sularıyla bağlı deyil. Əvvəllər də tariflər qaldırılıb, lakin bu sahədə real dəyişiklik olmayıb:
- Biz dəfələrlə görmüşük ki, deyilən reallığı əks etdirmir. Mən görülən işə kölgə salmaq istəmirəm. Amma faktiki qiymət artımı ənənəvi qiymət artımının davamıdır. Deyək ki bu artım nə isə dəyişəcək, inanmıram. Çünki kanalizasiya sisteminin dəyişməsi neçə illərdir görüntü xarakteri daşıyır. Müəyyən yerlərdə qazıntı aparılır, bir-iki boru dəyişdirilir, paz vurulur bununla bitdi. Sonra qalır asfaltlama işinin aparılması. Faktiki halda infilyasiya öz işini görür və bu da qiymət artımına səbəb olur. Üstəlik burada sistem dövlət üzərində olduğu üçün korrupsiya halları çoxdur. İstənilən şəxs arxayındır ki, ona heç nə olmayacaq. Lap tutalım özəlləşdi, bu, nəyi dəyişəcək? Bir vaxtlar elektrik şəbəkəsinin idarə olunması “Barmek” şirkətinə tapşırıldı. Sonu necə oldu?.. Demək, özəl, ya dövlət fərq etmir, iş prosesində neqativ hallara rast gəlinir. Problem köklü həll edilməlidir. Bunun üçün isə ortalığa ümumi iradə qoymaq lazımdır.