Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT

  •  Bu təsirin nə dərəcədə güclü olacağı limitlərin tətbiq mexanizmindən və istisna halların necə tənzimlənəcəyindən asılı olacaq

 Azərbaycanda bank kartları arasında həyata keçirilən pul köçürmələrinə yeni limitlər tətbiq edilib.

 Yeni qaydalara əsasən, avqustun 1-dən etibarən kart sahibləri gün ərzində maksimum 5 dəfə kartdan-karta köçürmə edə biləcəklər. Həmçinin, bu əməliyyatlar üzrə aylıq ümumi məbləğ 20 min manatla məhdudlaşdırılıb.

İqtisadçı Akif Nəsirli Sherg.az-a açıqlamasında kartdan-karta köçürmələrə limitlərin tətbiqinin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu deyib. Onun sözlərinə görə, müsbət cəhət ondan ibarətdir ki, bu addım saxta maliyyə əməliyyatlarının, çirkli pulların yuyulmasının, vergidən yayınma hallarının və kartlardan qeyri-qanuni kommersiya fəaliyyəti üçün istifadənin qarşısını almağa kömək edə bilər:

"Maliyyə axınlarının daha şəffaf olması həm dövlət nəzarətini gücləndirir, həm də bank sisteminin təhlükəsizliyini artırır. Ancaq məsələnin digər tərəfi də var. Limitlər gündəlik həyatında kartdan aktiv istifadə edən vətəndaşlar, kiçik sahibkarlar və ailə üzvləri arasında tez-tez pul köçürən insanlar üçün müəyyən narahatlıqlar yarada bilər. Xüsusilə də gün ərzində beş köçürmə limitinin bəzi hallarda kifayət etməyəcəyi istisna deyil.Sosial şəbəkələrdə səslənən narazılıqların əsas səbəbi də budur. İnsanlar hesab edirlər ki, məhdudiyyətlər nəğdsiz ödənişlərin inkişaf tempini zəiflədə və müəyyən hissəni yenidən nağd hesablaşmalara yönəldə bilər. Əgər vətəndaş kart vasitəsilə əməliyyat aparmaqda çətinlik hiss edərsə, daha rahat hesab etdiyi üsula – nağd pula üstünlük verməsi mümkündür".

İqtisadçı qeyd edib ki, bu təsirin nə dərəcədə güclü olacağı limitlərin tətbiq mexanizmindən və istisna halların necə tənzimlənəcəyindən asılı olacaq: " Əgər qaydalar yalnız yüksək riskli və qeyri-adi əməliyyatlara yönəlibsə, geniş istifadəçi kütləsinə təsiri məhdud qala bilər. Əksinə, adi vətəndaşların gündəlik maliyyə əməliyyatları da məhdudlaşarsa, bu, rəqəmsal ödənişlərə inamın azalmasına və nağd dövriyyənin müəyyən qədər artmasına səbəb ola bilər. Ona görə də burada əsas məsələ nəzarətlə rahatlıq arasında balansın qorunmasıdır. Maliyyə təhlükəsizliyinin gücləndirilməsi vacib olsa da, qəbul edilən məhdudiyyətlər vətəndaşların gündəlik ödəniş vərdişlərinə və ölkədə illərdir təşviq olunan nəğdsiz hesablaşmaların inkişafına mənfi təsir göstərməməlidir".