Kiyevin tələbi: ABŞ Ukraynaya 60 milyard dollar verəcək?

Kiyev ABŞ-dan 60 milyard dollardan çox maliyyə yardımı gözləyir.
Bu fikri Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib.
Deputatın sözlərinə görə, çox güman ki, bu həftə ABŞ Senatından Ukraynaya maliyyə yardımının mətni təqdim olunacaq:
“Kiyev yaxın vaxtlarda Ukraynaya dəstək haqqında qanun layihəsinin mətnini gözləyir. Eyni zamanda Ukraynanın fikrincə, ABŞ-dan Kiyevə ayrılan maliyyə yardımının həcmi dəyişməz qalacaq və 60 milyard dollardan çox olacaq”.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Turan Rzayev söyləyib ki, 60 milyard dollar kifayət qədər böyük bir məbləğdir:
"ABŞ-nin dövlət büdcəsindən Ukrayna üçün belə külli vəsaiti indiki məqamda ayıracağı inandırıcı deyil. ABŞ Konqresində hazırda bu məsələ ilə bağlı fikir ayrılıqları yaşanır. Bir qisim hissə Ukraynaya ayrılan vəsaitin daxilə xərclənməli olduğunu söyləyir, digər bir hissə isə Ukraynaya Rusiya ilə müharibədə yardım edilməli olduğunu. Hesab edirəm ki, Ukraynaya 60 milyar dollar olmasa belə, müəyyən qədər yardım ediləcək. Digər tərəfdən nəzərə almaq lazımdır ki, qarşıdan Amerikada prezident seçkiləri gəlir. Dövlət büdcəsindən bu qədər küllü vəsaitin ayrılması seçkilərə də ciddi təsir göstərə bilər".