Onun tək bacarığı təyyarə idarə etmək deyil - 21 yaşında 7 xarici dil öyrənib

İspaniyanın gələcək kraliçası, Asturiya şahzadəsi Leonor son üç ildə keçdiyi hərbi təlimlərlə dünyanın diqqətini cəlb edib. Quru qoşunlarında hazırlıq keçən, altı ay dənizdə xidmət edən, daha sonra isə hərbi təyyarəni müstəqil idarə etməyi və paraşütlə tullanmağı öyrənən şahzadənin başqa bir bacarığı da üzə çıxıb.

Sherg.az xəbər verir ki, Leonor ana dili ispan dili ilə yanaşı, daha yeddi dildə danışa bilir. O, ingilis, katalan, bask, qalisian, fransız, mandarin Çin və ərəb dillərini öyrənib.

Ölkəsinin regional dillərini də bilir

Leonor ingilis dilini Uelsdəki UWC Atlantic College-də təhsil alarkən öyrənib. O, İspaniyanın bəzi muxtar bölgələrində danışılan katalan, bask və qalisian dillərini də bilir. Fransız dilində ünsiyyət qura bilən şahzadə mandarin Çin və ərəb dillərini də öyrənib.

Leonor hələ 14 yaşında Girona Şahzadəsi mükafatlarının təqdimolunma mərasimində ərəb dilində çıxış edib. Onun sözləri düzgün tələffüz etməsi və aksenti o zaman xüsusi diqqət çəkib.

Gələcəkdə ölkəsinin taxtına sahib olacaq Leonor hərbi təhsilini başa vurduqdan sonra Madriddə universitetə daxil olub. O, burada siyasi elmlər və beynəlxalq münasibətlər üzrə təhsil alır. Xarici dilləri bilmək də gələcək kraliçanın diplomatik fəaliyyətində mühüm rol oynayacaq.

Digər Avropa şahzadələri də bir neçə dil bilir

İspaniya kralı VI Felipenin özü də ispan dili ilə yanaşı, ingilis və fransız dillərini yaxşı bilir. O, katalan və müəyyən qədər yunan dilində də danışır.

Leonorun bacısı, İnfanta Sofiya da ingilis dilini yaxşı bilir. O, katalan, bask, qalisian və fransız dillərini də öyrənib.

Niderlandın gələcək kraliçası Katarina-Amaliya ispan və ingilis dillərində sərbəst danışır, mandarin Çin dilini də öyrənib. Onun anası, kraliça Maksima ispan dilinin daşıyıcısıdır. Maksima həyat yoldaşı, kral Villem-Aleksandrla ailə qurduqdan sonra niderland dilini öyrənib, fransız dilində də ünsiyyət qura bilir.

Danimarka kraliçası Meri isə əslən avstraliyalıdır və ana dili ingilis dilidir. O, sonradan danimarka dilini öyrənərək bu dildə sərbəst danışmağa nail olub. Kral Frederik də danimarka dili ilə yanaşı, ingilis, fransız və alman dillərini bilir.

Belçikanın gələcək kraliçası da bir neçə dil bilir

Belçikanın gələcək kraliçası, şahzadə Elizabet niderland və fransız dillərində danışır. O, ingilis və alman dillərini də sərbəst bilir, həmçinin mandarin Çin dili üzrə dərslər alıb.

İordaniyanın vəliəhd şahzadəsi Hüseyn isə ərəb dili ilə yanaşı, ingilis dilində də ana dili səviyyəsində danışır. Həyat yoldaşı Rəcva da ingilis dilini yaxşı bilir. Hər ikisi ali təhsilini ABŞ-də alıb.

Keyt Middltonun dil bacarıqları

Uels şahzadəsi Keyt Middlton ingilis dili ilə yanaşı, fransız və italyan dillərində orta səviyyədə danışa bilir. Həyat yoldaşı, şahzadə Uilyam isə fransız və uels dillərində ünsiyyət qura bilir. O, həmçinin alman, qalisian, ispan və svahili dillərində baza səviyyəsində biliklərə malikdir.

Uilyam və Keytin övladları Corc, Şarlotta və Lui isə ana dilləri ingilis dili ilə yanaşı, ispan dayələri Mariya Tereza Borallonun köməyi ilə ispan dilini də öyrənirlər.