“Kommunikasiyaların açılmasına dair problemin həlli mütləqdir” – Sənədlər var!

Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənədi imzalamağa ümid etdiyini bildirib.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı danışıb:

“Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin tikintisi ilə bağlı konkret işləri yerinə yetiririk. Artıq texniki işlərə başlanılıb. Yaxın vaxtlarda ümid edirik ki, əldə olunmuş razılaşmalar sənəd şəklində öz əksini tapacaq və proses inkişaf etdiriləcək”.

Ermənistan və Azərbaycanı birləşdirən Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar 2021-ci il dekabrın 15-də Brüsseldə keçirilən görüşdən sonra və Azərbaycan və Ermənistan liderləri tərəfindən təsdiqlənib.
Xatırladaq ki, bu barədə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun görüşündə razılıq əldə olunub.

Azərbaycan regionda sabitliyin yaradılması, möhkəmlənməsi və qorunması üçün həmişə danışıqlar aparır. Amma Ermənistan isə, daim öhdəliklərindən imtina edib. Qarşı tərəf kommunikasiya yollarının açılması ilə bağlı ilk addımları atır. 

Bu dəfə isə, əksi olur. Görünür, Paşinyan hakimiyyəti nələrisə anlayır, qaçmağın mümkünsüz olduğunu dərk edir.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Arzu Nağıyev kommunikasiyaların açılmasından bəhs edib:

"3+3" formatında əsas məqamlardan biri kommunikasiyaların açılmasıdır. Burada da ən ciddi məsələ dəmiryolunun bərpasıdır. Biz dəfələrlə öz təklifimizi irəli sürdük. Delimitasiya və demarkasiyadan sonra ən vacib məsələ məhz daşınmaların həyata keçirilməsidir. Bu, tək Paşinyanın istəyi ilə əlaqəli deyil. Şimal, cənub, şərq və qərb istiqamətlərində yolların açılması artıq bütün dövlətlərin marağındadır. Bu üsulla Ermənistan rəhbəri iqtisadi tənəzzülə uğramış dövlətini embarqodan çıxara bilər”.

Millət vəkilinin fikrincə,  Paşinyanın Azərbaycana qarşı müsbət addım atmasının qarşısını ala biləcək təsirlər var:

“Təbii ki, daxili qüvvələr çalışırlar ki, o, danışıqlara getməsin, düzgün qərarlar verməsin. Lakin Paşinyan həm daxili auditoriyanı sakitləşdirmək, həm də Rusiya və Qərbə bir mesaj ötürmək üçün sülhün tərəfdarı olduğunu göstərir. 10 noyabr bəyannaməsi və Soçi sazişinə əsasən bu məsələnin həlli mütləqdir”.

 Cəmilə ƏZİM