Kreml də anlayır:“KTMT Rusiyadan kənarda ciddiyə alınmır”

Rusiya, İran və Çin birgə hərbi dəniz təlimləri keçirəcək. Bu barədə Rusiyanın Tehrandakı səfiri məlumat verib. Bildirilib ki, təlimlər İran körfəzində gerçəkləşdiriləcək.
Hərbi dəniz təlimlərinin 2021-ci ilin sonunda, 2022-ci ilin əvvəllərində təşkil olunması nəzərdə tutulub.
Müstəqil Mətbuat Mərkəzi İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli təlimlərin kimə və nəyə hesablanması barədə fikirlərini “Sherg.az”la bölüşüb:

“Hərbi təlimlər istənilən halda güc nümayişi kimi xarakterizə olunur. Rusiya, Çin və İranın birgə hərbi dəniz təlimlərini də bu anlamda güc nümayişi kimi dəyərləndirmək mümkündür. Və bu, həm də beynəlxalq rəqiblərə dolayısı mesaj anlamı daşıyır.

Məsələ ondadır ki, bir müddət öncə NATO ölkələri də hərbi təlimlər keçirmişdilər. Həmin təlimlərdə hətta NATO-ya üzv olmayan ölkələr də iştirak etmişdilər. Bununla NATO öz hərbi qüdrətini və ehtiyac yaranacağı təqdirdə, öz ətrafında birləşdirə biləcəyi əlavə güc potensialını beynəlxalq rəqiblərinə təqdim edə bilmişdi.

Təbii ki, NATO-nun belə hərbi manevrləri Rusiya başda olmaqla, bu hərbi-siyasi alyansın rəqiblərini narahat edir.

Əlbəttə, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də təlimlər keçirərək, NATO-ya adekvat hərbi-psixoloji cavab verə bilərdi. Ancaq Kreml də çox gözəl anlayır ki, KTMT Rusiyadan kənarda qətiyyən ciddiyə alınmır. Çünki bu hərbi-siyasi qurumun Rusiyadan ibarət olduğunu dünyada hər kəs bilir. KTMT-nın digər üzvlərinin bu qurumda təmsilçiliyi formal xarakter daşıyır və real hərbi potensiala malik deyil”.

E.Xalidbəyli qeyd edib ki, Rusiya, Çin və İranın birgə hərbi dəniz təlimləri NATO-ya cavab mesajı vermək baxımından, daha effektiv variantdır:

“Hər halda, NATO-nun Qara dəniz hövzəsində keçirdiyi son hərbi təlimlər Rusiyanın hakim dairələrdə müəyyən narahatlıq yaratmışdı. İndi Kreml NATO-nun beynəlxalq rəqibləri hesab olunan üç dövlətin ortaq hərbi təlimləri ilə Rusiyanın da müttəfiqləri olduğunu qabartmağa çalışır.
Halbuki, Çin Rusiya ilə qətiyyən müttəfiq deyil.

Rəsmi Pekin sadəcə, Rusiyanı müdafiə etmək üçün Çini NATO ilə üz-üzə gətirməz. Ancaq NATO Çinə qarşı da real hərbi təhlükə mənbəyi olduğundan rəsmi Pekin Rusiya ilə məcburi tərəfdaşlıq variantını sınaqdan çıxardır.

Üstəlik, bununla ABŞ və Qərbə Çini Rusiya ilə hərbi tərəfdaşlığa məcbur etməyin NATO üçün faydalı olmayacağının mesajını verir. İranın da bu iki nəhəng ölkə ilə hərbi dəniz təlimlərində iştirakı daha çox onun körfəz ölkəsi olmasıyla bağlıdır. Hər halda, İran nə NATO-ya qarşı ciddi rəqib deyil, nə də Rusiya və Çin üçün güvənə bilinəcək hərbi tərəfdaş sayılmır. 

Bütün bunları nəzərə aldıqda, İran körfəzindəki hərbi dəniz təlimlərini NATO-ya yönəlik alternativ güc nümayişi kimi dəyərləndirmək daha doğru olardı”.