- Putin G20-yə qədər müharibəni dayandırmaq istəyir
Ukraynalı hərbi analitik Yevgen Dikiy ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə açıq şəkildə dəstək verdiyini və Vaşinqtonun Kiyevə təzyiqlərini artırdığını iddia edib. Onun sözlərinə görə, Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələr endirməsi Moskvanın zəif nöqtəsini üzə çıxarıb və bu, Kreml üçün ciddi problemlər yaradıb. Dikiy hesab edir ki, Trampın Ukraynadan bu hücumları dayandırmağı tələb etməsi Rusiyanın maraqlarına xidmət edir. Analitik, həmçinin ABŞ prezidentinin mövqeyini Ukraynanın hərbi imkanlarının məhdudlaşdırılması və Kiyevin güzəştlərə məcbur edilməsi cəhdi kimi qiymətləndirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinin Ukraynada seçki keçiriləcəyi gün ölkəyə zərbələr endirilməməsi barədə göstəriş verməyə hazır olduğunu bildirib. Peskovun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəsin 60 gün davam etməsini tələb edir. Kremlin sözçüsü iddia edib ki, Kiyev bu müddətdən seçki keçirmək üçün deyil, hərbi qüvvələrini bərpa etmək və müharibəni davam etdirmək məqsədilə istifadə etmək istəyir. Beləliklə, Ukraynanın Rusiyanın enerji infrastrukturuna qarşı hücumları, Vaşinqtonun Kiyevə münasibəti və mümkün atəşkəs məsələsi ətrafında tərəflərin bir-birindən fərqli mövqeləri diqqət mərkəzindədir.
Tanınmış jurnalist Mehman Əliyev Sherg.az-a bildirib ki, Rusiya əslində çoxdandır Zelenskinin prezidentlik müddəti bitəndən sonra bu məsələni qaldırıb:
“Beləliklə, onun prezidentlik müddəti uzanıb, çünki seçki keçirilməyib. Zelenski deyir ki, müharibə şəraitində seçki keçirilə bilməz, ərazilər işğal altındadır və s. Bu, bəhanədir. Amma müharibə dayandırılsa, atəşkəs olsa, əlbəttə ki, seçkilər keçiriləcək və Zelenski də gedəcək. Bu, indi əsas məsələ deyil. Müharibənin dayandırılması üçün mən hesab eləmirəm ki, Zelenskinin getməsi şərtdir. Sadəcə olaraq, bu, atəşkəsin əldə olunması üçün şərtlərdən. Yəni, Putin bunu istəyir, tələb edir. Hər şey indi Mayamidə, dekabr ayında G20 toplantısının keçirilməsinə hesablanıb. Putin də ora dəvət alıb. Orada üç əsas məsələ qaldırılıb. Bu, Beynəlxalq Cinayət Məhkəməsi və onun fəaliyyəti ilə bağlı ABŞ tərəfindən atılan addımlardır. Bu da əslində Putin üçün şərait yaradır ki, o, G20-də iştirak etsin. Çünki orada iştirak edən dövlətlərin əksəriyyəti həmin məhkəmənin üzvləridir. Qərar da verilib ki, Putinlə heç bir əlaqə qurulmasın. Hətta Putin başqa bir məkanda olanda da tutula bilər və s. Bu, görüş üçün problem yaradır. İkincisi, atəşkəsin əldə olunmasıdır. Əgər atəşkəs olmasa, mən hesab edirəm ki, G20-də onun iştirak etməsi mümkün olmayacaq. Çünki müharibə aparan dövlətin başçısıyla ona sanksiyalar tətbiq edən dövlətlərin rəhbərləri bir masada oturmazlar. Deməli, hər şey onun üçün təşkil edilir ki, həmin vaxta qədər müharibə dayandırılsın. Bu, təxminən Qarabağ variantı, Bişkek variantı kimi bir şeydir”.
Ekspert qeyd edib ki, sülh müqaviləsi olmayacaq, amma atəşkəs haqqında müəyyən bir qərar ola bilər:
“ Digər tərəfdən həmin görüş ərəfəsində bir sıra məsələlər var ki, onlar həll olunmalıdır. ABŞ da bunu nümayiş etdirir. Yəni, Rusiyadan artıq dizel yanacağını alır. “Lukoil” şirkətinin alınması məsələsi gündəmə gəlib. Yəni, ABŞ-ın atdığı addımlar onu göstərmək məqsədi daşıyır ki, ABŞ əldə olunmuş nəticələr əsasında müəyyən addımlar atır. Rusiya da öz növbəsində addımlar atmalıdır. Məsələn, enerji mərkəzlərinə zərbələrin endirilməsinin dayandırılması. Birinci növbədə, əlbəttə ki, Rusiyanın yanacaq sektoruna aid obyektləri nəzərdə tutulur. Ukraynada da enerji sektoru var, yəni elektrik stansiyaları və s. Tramp bəyan edib ki, bəli, artıq razılaşma əldə olunub, ancaq hələ ki, danışıqlar gedir. Amma bu, onu göstərir ki, həqiqətən də əsas proseslər gedir. Tərəflər həmin görüşə qədər qoyulan tələbləri, istəkləri və s. mərhələ-mərhələ, addım-addım həyata keçirmək istəyirlər. Əslində, Tramp bu məsələni bəyan edəndən bir neçə saat sonra mən Zelenskinin reaksiyasına baxdım. O dedi ki, əgər Rusiya tərəfi buna əməl etsə, biz də buna razıyıq və s. Yox demək məsələsi sonradan ortaya qoyula bilərdi. Çünki məlumat var idi ki, Rusiya tərəfi enerji obyektlərinə zərbələr endirmişdi. Bu məsələdə Zelenski deyə bilər ki, bəli, bizim bundan xəbərimiz yoxdur və s. Çünki Moskva buna əməl etmirsə, Ukrayna da geri çəkilə bilər”.
M.Əliyev söyləyib ki, əsas məsələ həmin görüşə qədər müharibənin dayandırılmasıdır:
“Çünki Rusiya zəif vəziyyətdədir və özü də bunu anlayır. Bir tərəfdən Rusiyaya izah edirlər ki, müharibəni dayandırsan, daha geniş iqtisadi münasibətlər və digər yaxşı imkanlar yarana bilər, sanksiyalar götürülə bilər və s. Digər tərəfdən isə, əgər buna əməl olunmasa, müharibə davam edəcək və Rusiya burada uduzmuş olacaq. Nə üçün? Rusiya artıq dörd ildir Ukraynanı bombalayır. Həmçinin Ukraynanın enerji obyektlərinə zərbələr endirir. Amma Ukrayna bunu yalnız bu il, yəni son vaxtlar etməyə başlayıb. Birincisi, yanacaq istehsal edən müəssisələrə zərbələr endirir. Amma iş ondadır ki, Ukrayna elektrik stansiyalarına da zərbələr endirə bilər. Yəni, Ukraynanın artıq buna imkanı çatır və Rusiyanın hansısa bir bölgəsində bunu edə bilər. Rusiyanın hava hücumundan müdafiə sistemləri bu təhlükənin qarşısını ala bilmir. Əgər Ukrayna intensiv şəkildə Rusiyanın elektrik stansiyalarına və digər enerji obyektlərinə zərbələr endirməyə başlasa, Rusiyada siyasi vəziyyət çox pis dəyişəcək. Bu, Putin rejimi üçün böyük problem yarada bilər. Onlar da bunu başa düşürlər. Ona görə də ruslar daha çox maraqlıdırlar ki, qışa qədər müharibəni dayandırsınlar. Əslində, Ukrayna da bunda maraqlıdır. Ona görə də mən hesab edirəm ki, burada müsbət bir nəticə əldə olunacaq”.