Litva və Azərbaycan yeni mərhələyə qədəm qoydu

Qarşılıqlı münasibətlər növbəti mərhələdə daha da dərinləşəcək

  Prezident İlham Əliyevin Litvaya səfəri, keçirdiyi görüşlər və aparılan müzakirələr inkişaf etməkdə olan Azərbaycan-Litva əlaqələrini daha da dərinləşdirəcək. Azərbaycanla Litva arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Prezident İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda arasında yüksəksəviyyəli münasibətlər bu əməkdaşlığı yeni müstəviyə çıxarır. Ölkələrimiz arasında diplomatik münasibətlər strateji tərəfdaşlığı möhkəmləndirir, gələcək üçün geniş imkanlar açır. Azərbaycanla Litva arasında qarşılıqlı ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatlarının səviyyəsi hər il artmaqdadır. Litva şirkətləri Azərbaycanın nəqliyyat, tikinti və digər sahələrinə xeyli sərmayələr yatırıb. Azərbaycandan da Litvaya investisiyalar qoyulub. 

Azərbaycan Prezidentinin son səfəri bu sahədə daha böyük irəliləyişlərə səbəb olacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən önəmli ölkə kimi Litva ilə əlaqələrə də ciddi önəm verir. Enerji layihələrinin şaxələndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Prezident İlham Əliyev səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda və bu ölkənin Baş naziri xanım İnqrida Şimonite ilə görüşdü, mühüm sənədlər imzalandı. Həmçinin iki ölkənin iş adamlarının və biznes dairələrinin iştirakı ilə biznes forum da keçirildi. Bütün bunlar Litva-Azərbaycan münasibətlərinin və əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

  Millət vəkili Vüqar Bayramov vurğulayıb ki, Litva ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2021-ci ildə 75 faiz artaraq 42 milyon dollara çatıb. Deputatın sözlərinə görə, bununla belə, tərəflər arasında potensial daha böyükdür: "Təbii ki, yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsini bir neçə dəfə artırmaq üçün ciddi potensial var. Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya səfəri ölkələr arasında yeni səhifənin açılması kimi xarakterizə olunur. Ölkələr arasında enerji sahəsində yeni əməkdaşlığın formalaşacağı gözlənilir.  

Hər iki dövlət başçılarının iştirakı ilə keçirilən Azərbaycan-Litva biznes forumunda da məhz strateji əlaqələr kontekstində Avropa İttifaqı ilə ölkəmiz arasındakı enerji əməkdaşlığı xüsusi müzakirə olunub. Səfər zamanı yaşıl enerji sahəsində Azərbaycan ilə Avropa arasında əməkdaşlığın qurulması da müzakirə edilən məsələlərdən idi. Prezident İlham Əliyevin Litvaya səfəri zamanı çoxşaxəli məsələlərin müzakirəsi ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. Qarşılıqlı münasibətlər isə növbəti mərhələdə daha da dərinləşəcək".