Lukaşenkonun o qədər maliyyəsi yoxdur


Rusiya “İsgəndər”i Belarusa ödənişsiz verəcək

   Belarus öz ərazisində “İsgəndər” operativ - taktiki raket komplekslərinin inkişafı üçün təlim mərkəzi yaratmaq məqsədilə Rusiyaya müraciət edəcək.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlama verib.
“Bu gün Rusiyanın “İsgəndər”lərinə baxdım. Yaxşı silahlardır. Bizə onun inkişaf etdirilməsi lazımdır. 
Bu silahı Rusiyadan alacağıq”, - Lukaşenko bildirib.
Lukaşenkonun iddialı açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Elxan Şahinoğlu bildirib ki, Belarusiya son zamanlar həm iqtisadi, həm də hərbi cəhətdən Moskvadan asılı vəziyyətə düşüb. 

“Rusiya asanlıqla burada hərbi bazalarını da yerləşdirə bilir. Ermənistanda raketlərini yerləşdirirdisə, eynisini Belarusiya üçün də edə bilər. Çünki bu, bahalı raket kompleksləridir və Belarusiyanın onu alacaq maliyyəsi yoxdur.

 Yəni Rusiya qərb qonşusunu qorumaq adı altında kifayət qədər silah və hərbiçilər yerləşdirə bilər. 

Rusiya kimə istəsə silah sata bilir. Məsələn, Hindistana  satanda Qərbdə müəyyən suallar doğurmuşdu. Çünki Hindistanın Avropa ilə çox yaxşı əlaqələri var. 

Ancaq Rusiyadan asılı olan dövlətlər ondan silah alanda bu, Qərbdə etiraz doğurmur. Bilirlər ki, Belarusiya da Ermənistan kimi dövlətdir”. 

Sənan İsmayıl