Məgri sahəsi sovet dövründə kimin nəzarətində olub? – Tofiq Zülfüqarovdan AÇIQLAMA

"Sovet dövründə (1980-ci illərin sonlarına qədər) Məgri sahəsindəki dəmir yolu zolağı İttifaq səviyyəli qurumların ikili nəzarəti altında olub: ərazinin təhlükəsizliyini SSRİ DTK-nın Sərhəd Qoşunları, texniki istismarı və daxili asayişi isə SSRİ Yollar Nazirliyi (MPS) tərəfindən, Bakıdakı strukturlar vasitəsilə həyata keçirilib. Məgri rayonunun Ermənistan SSR-dəki yerli administrasiyasının dəmir yolunun ayrılmış zolağı üzərində mülki yurisdiksiyası olmayıb, çünki bu ərazi xüsusi rejimli, ümumittifaq əhəmiyyətli obyekt hesab edilib".

Bunu Sherg.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O, qeyd edib ki, əmir yolu Araz çayının bilavasitə kənarı ilə keçdiyindən və Araz boyunca SSRİ-nin İranla dövlət sərhədi yerləşdiyindən, dəmir yolu xətti sovet sərhəd zonasının daxilində, mühəndis-texniki qurğular xəttinin (İTS və ya “sistem”) arxasında yerləşirdi:

"Bu dəstə SSRİ DTK-nın Zaqafqaziya Sərhəd Dairəsinin tərkibinə daxil idi. Sərhədçilər dəmir yolunun ayrılmış zolağına tam nəzarət edirdilər. Ermənistan SSR-in yerli mülki əhalisinin dəmir yolu xəttinə, stansiyalara və ya Araz çayına xüsusi sərhəd icazəsi olmadan daxil olması qəti qadağan idi. Bakı–İrəvan və ya Moskva–Naxçıvan–Tehran kimi sərnişin qatarları Məgri sahəsinə daxil olduqda faktiki olaraq sərhədçi postlarının nəzarəti altında hərəkət edirdilər. Məgri rayonundakı stansiyalarda, o cümlədən Məgri və Karçevan stansiyalarında ciddi perron nəzarəti həyata keçirilirdi. Mülki infrastruktur və dispetçer idarəçiliyi baxımından dəmir yolunun ayrılmış zolağı SSRİ Yollar Nazirliyinin tabeliyində idi. Lakin ittifaq strukturunun daxilində idarəetmə müəyyən formada bölüşdürülmüşdü.

Zaqafqaziya Dəmir Yolunun Azərbaycan şöbəsi (sonralar Azərbaycan Dəmir Yolları):

Zülfüqarov vurğulayıb ki, Məgri sahəsindəki dəmir yolu infrastrukturunun – dəmir yolu yatağının, relslərin, elektrik yarımstansiyalarının, depoların, vağzal və stansiya binalarının – fiziki infrastrukturu Bakı tərəfindən idarə olunurdu və onun balansında idi:

"Qatarların hərəkət cədvəllərinin hazırlanması, biletlərin satışı, dispetçer mərkəzləşdirilməsi, həmçinin dəmir yolu xətlərinin texniki xidməti Azərbaycan dəmir yolu strukturları tərəfindən həyata keçirilirdi. Stansiyalarda və qatarların daxilində asayişin təmin edilməsinə nəqliyyatda fəaliyyət göstərən xətt daxili işlər şöbələri (LÖVD) cavabdeh idi. Bu strukturlar İrəvana deyil, Bakıdakı Nəqliyyat Milisi İdarəsinə tabe idi".