Dünyanın nüfuzlu mətbuat orqanlarının diqqəti Türkiyədədir
Türkiyədə 14 mayda keçiriləcək seçki öncəsi Məmləkət Partiyasının sədri Məhərrəm İncənin namizədliyini geri çəkməsi və verdiyi açıqlamalar beynəlxalq medianın da gündəminə düşüb. Dünyanın nüfuzlu mətbuat orqanları İncənin mübarizədən geri çəkilməsinin doğura biləcəyi nəticələrdən yazıblar.
Almaniyanın “Deutsche Welle” adlı rəsmi nəşri “Seçkilərdə namizədliyini geri götürdü” başlıqlı xəbərində “əhəmiyyətsiz” bir iddiaçı kimi təsvir etdiyi Məmləkət Partiyasının sədri Məhərrəm İncənin geri çəkilməsinin son nəticədə müxalifətin namizədi Kamal Kılıçdaroğlunun şanslarını artırdığını iddia edib.
Britaniyanın "İndependent" qəzeti "Yarışdakı namizəd istefa verərkən Ərdoğanın rəqibinə dəstək" başlığına üstünlük verib. Nəşr Məhərrəm İncənin seçkidən üç gün əvvəl gələn şok geri çəkilişinin Kılıçdaroğlu üçün xüsusi istiqamət vermədiyini qeyd edib.
Fransanın “Le Monde” qəzetində dərc olunan qalmaqallı təhlilin başlığı “Ərdoğanın Paris, Berlin və Vaşinqtonda gizli ümid edilən prezident seçkilərində məğlub olması” olub. Filipp Rikardın məqaləsində Ankarada uzun müddətdir real görünməyən hakimiyyət dəyişikliyinin geosiyasi nəticələrinin indi Qərb dövlətləri tərəfindən ciddi qəbul edildiyi irəli sürülüb.
Amerikanın “Politico” jurnalı Ankarada baş verənləri “Kaset qalmaqalından sonra rəqibin vurulması, Ərdoğana daha bir zərbə” kimi qalmaqallı başlıq ilə oxucularına çatdırıb. Jurnalın yazdığına görə, Məhərrəm İncənin yarışdan getməsinin bazar günü keçirilməsi gözlənilən seçkilərdə əsas müxalifət namizədi Kamal Kılıçdaroğluna xeyir verəcəyi gözlənilir. Qeyd olunub ki, çərşənbə günü İncə barəsində yayılan görüntülərin həqiqiliyini inkar edərək, videonun "saxta" olduğunu və "sui-qəsdin" bir hissəsi olduğunu söyləyib.
İngiltərənin “The Guardian” qəzeti “Kaset iddiasından sonra Türkiyə prezidentliyinə namizəd yarışdan geri çəkildi” başlığını seçib. Xəbərə görə, Məhərrəm İncə baş-başa seçkiyə bir neçə gün qalmış "dəsmal atıb" və videogörüntülərin “fake” olduğunu deyib. Keçmiş müəllim və uzun müddət Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan İncə, internetdə yayılan görüntülərin uydurma olduğunu bildirib.
Amerikanın "NBC News" telekanalı “Ərdoğanın rəqibi, prezident seçkiləri öncəsi geri çəkildi və təzə qan verdi” süjetini yayımlayıb. Bildirib ki, Məhərrəm İncə yarışı tərk etməklə seçki kampaniyasının son günlərini yenidən formalaşdıra bilər.
"American Foreign Policy" jurnalı “Xaricdəki türk seçicilər çox önəmlidir” başlıqlı xəbərində xaricdəki qürbətçi seçiciləri diqqətlə araşdıraraq, Almaniya və digər ölkələrdə səs verənlərin əvvəlki seçkilərdə böyük əksəriyyətinin Prezident Ərdoğana üstünlük verdiyini xatırladıb.
Rusiyanın “İzvestiya” qəzeti “Ekspert ABŞ-nin Türkiyədəki seçkilərə mümkün təsirini göstərdi” başlığı ilə oxucuların qarşısına çıxıb. Nəşr Yaxın Şərq-Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Stanislav Tarasovun fikirlərini dərc edib. Tarasov Ərdoğanın ABŞ-dən asılı olmayan siyasət yürütdüyünü qeyd edərək, Türkiyədə baş verənlərə təsir etmək üçün səssizcə yollar tapan ABŞ-nin indi baş verənlərdən açıq şəkildə kənarda olduğunu bəyan edib.
Rusiyanın digər rəsmi nəşri "Ria Novosti"də dərc olunan təhlilin başlığı “Türkiyədə seçkidə kim qalib gələcək və rəngli inqilab ehtimalı varmı?” olub. Asiya və Afrika Araşdırmaları Mərkəzindən Aleksey Obraztsov deyib ki, müxalifət Ərdoğana qarşı hay-küy salacaq, amma hökumət seçkidə qalib gələcək.