Azərbaycan "Türk Ocağı" təmsilçiləri Türk Ağsaqqalları Birliyini ziyarət edib, məsləhətləşmələr aparıb
Dünən Azərbaycan Türk Ocağının sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və təşkilatın təmsilçiləri Türk Ağsaqqalları Birliyinin (TAİB) Təşkilat Komitəsinin üzvləri ilə görüşüblər. Görüş Türk Ağsaqqalları Birliyinin mərkəzi ofisində baş tutub.
Görüşdə türkdilli ölkələr arasında əlaqələrin inkişafı, türk birliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər, eləcə də regionda yaranmış yeni reallıqların açdığı perspektiv yollar barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin mümkün birgə layihələrə dair təşəbbüslər dəyərləndirilib, təkliflər irəli sürülüb.
Birliyin aparat rəhbəri, Missiya Media Qrupunun baş direktoru Nicat Dağlar Türk Ağsaqqalları Birliyinin yaranması və fəaliyyəti haqqında qısa məlumat verib. Bildirib ki, TAİB iki ildir dövlət qeydiyyatından keçib.
Qeyd olunub ki, qurumun fəaliyyəti əhalisi türkdilli olan dövlətlərin ərazisini əhatə edir: “Birliyin təsisçisi “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru, "Missiya Media" Qrupunun rəhbəri Ramin Əhmədovdur. Birliyin İdarə heyətini seçmək üçün tanınmış alim, professor Sudeif İmamverdiyevin sədrliyi ilə təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsində türk dünyasının tanınmış şəxsləri də təmsil olunurlar. Birliyin əsas məqsədi ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi və türk ağsaqqallarının birliyinə nail olmaqdan ibarətdir.
Türk ölkələrinin vətəndaş cəmiyyətləri, tanınmış elm xadimləri, şair və yazıçılarla birgə layihələr işləməyi planlaşdırırıq. Ağsaqqal sözü bütün dövrlərdə xüsusi çəkiyə malik olub. O mənada türk respublikaları arasında əlaqələrin möhkəmlənməsində ağsaqqal sözü də böyük önəm kəsb edir. Mövcud imkanlardan istifadə edərək türk dünyasının birliyinə öz töhfəmizi verməyə çalışırıq. Qısa müddət ərzində geniş fəaliyyət planımız olub. Vətən müharibəsindən sonra qazilərimiz, millət vəkilləri ilə birlikdə bir neçə mühüm tədbir təşkil etmişik. Sonra xarici ölkələrə səfərlərimiz başladı və məhsuldar görüşlərimiz baş tutdu. Bu yaxınlarda Şimali Kipr Türk Cümhuriyyətinə səfərimiz oldu. Rəhbərlik və millət vəkilləri ilə görüşlər keçirildi. Növbəti səfərləri də planlaşdırırıq”.
Daha sonra çıxış üçün söz Azərbaycan Türk Ocağının sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya verilib. Birlik rəhbəri öncə Azərbaycan Türk Ocağının tarixindən qısaca bəhs edib. Daha sonra Birliyin fəaliyyətindən, görülən işlərdən danışıb:
“Azərbaycan Türk Ocağı 1918-ci ildə Cümhuriyyətin yaratdığı ilk qeyri-hökumət təşkilatıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüzilliyi ərəfəsində Ocağı yenidən bərpa etmək qərarına gəldik və 2020-ci ildə rəsmi qeydiyyata alındıq. Türk Ocağının Türkiyədə 92 şöbəsi var, Avropanın 20-dən çox ölkəsində fəaliyyət göstərir. Təşkilatımızın təşəbbüs qrupunda millət vəkili Qənirə Paşayeva, tarixçi-alim Firdovsiyyə Əhmədova, Əli bəy Hüseynzadənin nəvəsi Cəmilə Hüseynzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadənin adlarını xüsusi vurğulamaq istəyirəm”.
A.Aşırlı vurğulayıb ki, iki ildə 3 beynəlxalq konfrans təşkil olunub:
“İlk tədbirimiz böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunub. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsinin birgə təşkilatçılığı ilə İstanbul şəhərində “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük Simpozium keçirilib. Sonra türkoloq-alim Əhməd Cəfəroğlunun 120 illik yubileyi ilə bağlı üç günlük elmi-praktik konfrans keçirilib. 2021-ci ilin iyulun 3-də Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəylinin anadan olmasının 140 illiyi münasibətilə “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfrans keçirilib. 2021-ci ilin sonunda Azərbaycan Texniki Universitetində Türk Ocağı Dərnəyi və TİKA-nın birgə hazırladığı “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpozium keçirilib. 3 günlük simpoziumda Türkiyənin müxtəlif universitetlərindən 31 alim iştirak edib”. Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı Türk Ağsaqqalları Birliyi ilə hər cür əməkdaşlığa hazır olduğunu, iki təşkilatın amalının bir olduğunu vurğulayıb: “Ağsaqqallıq hər zaman böyük ictimai institut olub, ağsaqqal sözü qanundan üstün sayılıb. Sizinlə birgə əməkdaşlığa hazırıq. Ortaq konfranslar keçirə bilərik”.
Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvü Eyvaz Hümbətov çıxışı zamanı Azərbaycan Türk Ocağı təşkilatı ilə əlaqələrin qurulmasının çox önəmli olduğunu bəyan edib:
“Məqsədimiz türk dünyasında birliyə nail olmaq, bu işə töhfə verməkdir. Hələlik qurultayımızı keçirməmişik, amma Təşkilat Komitəmiz var. Biz də sizinlə əməkdaşlıqdan çox məmnun olarıq. Hamımız bir yolun yolçusuyuq. Çalışmalıyıq ki, unutduğumuz tarixi məqamlarımızı, ortaq dəyərlərimizi yenidən yaddaşlara gətirək. Bunu həyata keçirmək üçün medianın əhəmiyyəti böyükdür”.
Qurumun Təşkilat Komitəsinin digər üzvü, ehtiyada olan polkovnik Bayram Məmmədov eyni amal uğrunda çalışan qurumların birgə fəaliyyətinin olduqca mühüm olduğunu söyləyib:
“Böyük işlər görürsüz, sizinlə əməkdaşlıq bizim üçün sevindiricidir. İnanırıq ki, qarşılıqlı fəaliyyətimiz öz müsbət bəhrəsini verəcək. Haqlı və ədalətli keçmişimizi həm türk dünyasına, həm də gənc nəslə çatdırmalıyıq. Əminəm ki, ciddi işlər görəcəyik, çünki buna elmi potensialımız, imkanlarımız çatır. Ən əsası birliyimiz var”.
Şair Tapdıq Əlibəyli də bəyan edib ki, bu cür görüşlərin keçirilməsi vacibdir: “Məfkurə ətrafında fikir mübadiləsinə yığışmışıq. Hamıya uğurlar diləyirəm. Hesab edirəm ki, bu görüş Azərbaycan naminə atılmış mühüm addımlardan biridir. İki təşkilat da türklüyə xidmət edir”.
Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvü diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk isə bir təkliflə çıxış edib:
“Əlbəttə, daxili tədbirlər önəmlidir. Amma hesab edirəm ki, Qırğızıstanın Manas Universitetində hansısa mövzuda ortaq konfrans keçirilməsi daha məqbul olar. Səfirliyimiz, eyni zamanda Parlamentin dostluq qrupları da bu işin təşkilatçısı ola bilər. Türkiyə ilə bağlı işlər çox gedir. Amma düşünürəm ki, Orta Asiya ölkələrinə, xüsusən Qırğızıstana daha çox önəm verilməlidir”.
Akademik, tarixçi-alim Sabir Tağıyev də vurğulayıb ki, Türk Ağsaqqalları Birliyi və Azərbaycan Türk Ocağı ciddi təşkilatlardır və xidmətləri əvəzedilməzdir:
“Qüvvələrinizi, zəkanızı səfərbər etdiyinizə görə hər iki quruma təşəkkür edirəm və uğurlar diləyirəm. Hesab edirəm ki, nəinki təkcə Manas Universiteti, Qazaxıstandakı Türk Akademiyası, Özbəkistanda Turan Elmlər Akademiyası ilə də birgə əməkdaşlıq etməliyik”.
Tədbirin sonunda Azərbaycan Türk Ocağının təşəbbüsü ilə çap olunmuş Mirzə Bala Məmmədzadənin “Azərbaycan tarixində Türk Albaniya” adlı kitabı Türk Ağsaqqallar Birliyinin Təşkilat Komitəsinin üzvlərinə hədiyyə edilib.