Korrupsiyaya qarşı mübarizə beynəlxalq müstəviyə çıxır - Fazil Mustafadan AÇIQLAMA

Korrupsiyaya qarşı mübarizə həm milli səviyyədə institusional tədbirlərin görülməsini, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsini tələb edir. Xüsusilə transsərhəd xarakter daşıyan korrupsiya cinayətləri bu sahədə dövlətlər arasında hüquqi əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini artırır.

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciətində bu məsələlərə toxunub. Dövlət başçısı korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Millət vəkili Fazil Mustafa Sherg.az-a açıqlamasında Azərbaycanın korrupsiya ilə bağlı beynəlxalq konvensiyalara qoşulduğunu xatırladıb: 

"Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində kifayət qədər geniş təcrübəsi var. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bu proseslərdə fəal iştirak edən, təşəbbüskar mövqe sərgiləyən ölkələrdən biri ola bilər.

Prezidentin apardığı müzakirələrdə də məhz bu məsələyə xüsusi vurğu edilir. Korrupsiyaya qarşı mübarizə təcrübəsinin bölüşdürülməsi olduqca önəmlidir. Xüsusilə dövlət orqanlarında və beynəlxalq əlaqələrdə korrupsiyanın yayılmasının qarşısının alınması dövlətin əsas vəzifələrindən biridir".

Parlamentari qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının fəaliyyəti çərçivəsində Azərbaycan bu istiqamətdə müsbət qərarların dəstəklənməsində maraqlıdır: 

"Ölkəmiz bundan sonra da müvafiq hüquqi platformalarda fəaliyyətini davam etdirəcək. İslam ölkələri ilə əməkdaşlıq şəraitində şəffaf idarəetmə modelinin formalaşdırılmasına və tətbiqinə töhfə verməyə çalışacaq".