“...MSK səhvləri düzəltdi”

Respublika üzrə Dairə Seçki Komissiyalarına (DSK) yeni sədrlər, müavinlər və katiblər seçilib. Bu barədə DSK-ların iclaslarında qərar qəbul edilib. Beləliklə, DSK-ların formalaşması rəsmiləşdirilib.Qeyd edək ki, DSK-ların formalaşmasının rəsmiləşdirilməsi müddəti avqustun 25-dək idi. Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına uyğun olaraq, 125 seçki dairəsinə 1 125 üzv təyin edilib.

Yeni qərar barədə fikirlərini “Sherg.az”la bölüşən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı bildirib ki, MSK və DSK parlamentin tərkibinə uyğun olaraq seçilir:

“Yəni çoxluq və azlıq təşkil edən partiya nümayəndələri, həmçinin bitərəf nümayəndələr dəyişdiyinə görə tərkib də dəyişməlidir.
Son parlament seçkilərində dairə komissiyalarından MSK-ya 30 şikayət daxil olmuşdu. Şikayətlərdən 9-u namizədlərin hüquqlarının bərpasına aid idi. Yəni dairə komissiyaları səhv etmişdilər və MSK həmin səhvləri düzəltdi. Yeniləşmə və keyfiyyət dəyişiklikləri baxımından dairələrdə səhv buraxan komissiya üzvlərinin yeniləri ilə əvəz edilməsinə ehtiyac var idi. Bu da həyata keçirildi. Amma yadda saxlamaq lazımdır ki, seçki məcəlləsinə uyğun olaraq hər parlament seçkilərindən sonra komissiyaların tərkibi yenilənməlidir. Çünki orada təmsil olunan partiyalar dəyişir və yeniləri gəlir, yaxud da köhnə partiya əvvəl də var idi, indi də, ancaq öz namizədlərini yeniləndirməlidirlər. Bu baxımdan hər bir parlament seçkilərindən sonra komissiyaların tərkibi dəyişilir və gələcəkdə seçki varsa, yeni komissiya üzvləri ilə keçirilməlidir”.