Müharibə olmayacaq: NATO-Rusiya gərginliyi zəifləyir

Danışıqlar yenidən Normand formatında aparılacaq

"Təhlükəsizlik üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün ABŞ, NATO ölkələri və Rusiya aqressiv ritorikanı azaltmalıdırlar, o cümlədən KİV-də də". Bu fikri "RİA Novosti"yə ATƏT-in keçmiş baş katibi, hazırda Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin direktoru Tomas Qreminger səsləndirib.

"Hər iki ölkədə də KİV-də bir-birini düşmən kimi qələmə vermək üçün kampaniya apardığının şahidi oluruq. Və bütün bunlar silah cingiltisi kimi, heç də hazırda Avropada təhlükəsizlik məsələlərinə dair danışıqlar üçün bizə lazım olan mühitin yaradılmasına imkan vermir", – deyə o vurğulayıb.

Keçmiş baş katib qeyd edib ki, hazırkı şəraitdə təmkin nümayiş etdirmək vacibdir.

"Düşünürəm ki, indi bizə lazım olan həm hərbi, həm də siyasi siqnallarda qarşılıqlı təmkinli olmaq, eləcə də bu hərbi ritorikanı azaltmaq və qarşı tərəfi düşmən kimi göstərməməkdir. Hesab edirəm ki, dialoq üçün əlverişli mühit yaratmaq naminə bu cür ritorikanın səviyyəsini tez bir zamanda aşağı salmaq lazımdır", - deyə o bildirib.

ATƏT-in keçmiş baş katibinin səsləndirdiyi fikirləri “Şərq”ə şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Qərb gərginliyi azaltmağa çalışır:

 “Putinin hakimiyyəti dövründə Avropa dəfələrlə narahatlıq keçirib. İndi Krım münaqişəsi ilə bağlı olaraq bu, pik nöqtəyə qalxıb. Burada əsas hədəf Ukrayna deyil, NATO, ABŞ və Rusiya arasında olan kəskin münasibətlərdir. Rusiya NATO prinsiplərinə uyğun olmayan şəkildə ultimatum məktubu göndərdi və cavab istədi. Buna görə də, qarşı tərəfdən istədikləri cavabı ala bilmədilər. Rusiya bu prosesdən uduşsuz çıxdı. 

Rusiya həmişə elə bir siyasət yeridib ki, bəşəriyyət üçün təhlükəli olub. Ona görə də Avropanın indiki çağırışı təbiidir və davamı olacaq. Bu müraciət daha çox Rusiyaya ünvanlanıb. Çünki Putinin ortalığa qoyduğu tələblər beynəlxalq hüquqa uyğun deyil. Qarşı tərəfin tələblərini, yəni post-sovet məkanında yerləşən münaqişə ocaqlarından Rusiya qoşunlarının çıxarılmasını da ruslar qəbul ertmirlər. Yəqin ki, daha çox Normand (dördlük) formatı çərçivəsində danışıqlar, müzakirələr aparılacaq. Qərb çalışır ki, gərginliyi azaltsın. Rusiya isə öz mövqelərini, nüfuzunu qorumaq üçün hələ müəyyən addımlar atmağa davam edir. Amma vəziyyət əvvəlki kimi deyil. Gərginliyin tempi getdikcə aşağı düşür. Ancaq bir aqressiya var və bəşəriyyət bunu hiss edir. Tomas Qremingerin sözlərini növbəti sülhə çağırış kimi dəyərləndirmək lazımdır”, - deyə ekspert bildirib.

Sənan İsmayıl