"Müraciət səfirliyimiz vasitəsilə Makrona çatdırılacaq"  - Çingiz Qənizadə

"Pekresin Xankəndiyə qanunsuz səfəri Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir"

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıb. Müraciətdə Fransada Respublikaçılar partiyasının prezident seçkilərində namizəd Valeri Pekresin Xankəndiyə qanunsuz səfəri qınanılıb. Qeyd olunub ki, onun qeyri-qanuni səfəri bölgədəki vəziyyəti qəsdən qızışdırmaq məqsədi daşıyır.

Məlumata görə, Fransada Respublikaçılar partiyasının prezident seçkilərində namizəd Valeri Pekres dekabrın 22-də Azərbaycan Respublikasının beynəlxalq sərhədlərini qeyri-qanuni yolla keçib və Azərbaycanın Xankəndi şəhərinə səfər etmişdir. Səfər çərçivəsində separatçılarla görüş keçirib. Onu Mişel Barniye və Brüno Retayyo müşayiət edib.

Hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsini sədri Çingiz Qənizadə “sherg.az”a bildirib ki, qanunsuz səfərə susqunluq nümayiş etdirmək düzgün olmazdı:

“Fransada prezident seçkilərində namizəd  Valeri Pekresin Xankəndiyə qanunsuz səfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizlikdir. Həm xaricdə olan QHT nümayəndələri, həm dostluq qrupu üzvləri, ölkəmizdə olan siyasi xadimlər, hüquq müdafiəçiləri Fransa prezidentinə müraciət ünvanlayıb. Bu müraciət səfirliyimiz vasitəsilə ona çatdırılacaq. Fransa administrasiyasının üzvləri, senatın nümayəndələri bununla bağlı məlumat əldə edəcəklər. Qərəzsiz fəaliyyət göstərən fransız mətbuat orqanlarında da bizim müraciətimizin yayımlanacağına inanıram.  Pekres və onun kimilər anlamalıdır ki, qərəzli şəkildə gedib orada yalançı görüş keçirməklə erməni icmasının dəstəyini əldə edə bilməz. Bizim müraciətimiz nəticəsində onun siyasi reputasiyasına zərbə endirilə bilər. Onun Azərbaycana səfərinə məhdudiyyət qoyulmalıdır. Belə insanlar xalqımızdan üzr istədikdən və gələcəkdə bu cür addım atmayacaqlarını bildirdikdən sonra qara siyahıdan çıxarıla bilər. Qeyd edim ki, E. Makronun özü də ermənipərəstliyi ilə seçilir. Lakin yenə də seçki ərəfəsində ağıllı addım ata bilər”.  

Ç. Qənizadə səfərin əsas günahkarının Rusiya sülhməramlıları olduğunu vurğulayıb:

“Rusiya sülhməramlıları vəzifələrini məsuliyyətlə yerinə yetirsəydilər, belə hallar baş verməzdi. Sülhməramlılardan bununla bağlı məlumat istənildikdə cavabları “görməmişik”, “bilməmişik”, “bilsəydik, qoymazdıq” olur. Yalnızca Fransadan yox,  Rusiyadan da oraya qanunsuz səfərlər olub. Məsələn, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə qanunsuz səfərlər edib”.


Xanlar ƏLİBƏY