"Müsavat"ın "səhv"ləri - Sənədlərin 98 faizi...
"Siyasi Partiyalar haqqında" yeni qanuna əsasən partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bununla əlaqədar nazirlik tərəfindən normativ hüquqi aktların yeni Qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilib.
Qanunun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib. Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
Partiyaların qeydiyyat vəziyyətinə münasibət bildirən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı "Sherg.az"a açıqlamasında bildirib ki, digər partiyalar haqqında məlumatı Ədliyyə Nazirliyindən almaq olar:
"Belə məlumat var ki, təxminən 25 partiya siyahını təqdim edib. Amma Ədliyyə Nazirliyi hansı partiyanın sənəd verməsini dövlət sirri kimi saxlayır. Müsavat Partiyasına gəldikdə isə bizə tutulan iradların böyük əksəriyyəti həqiqətə uyğun deyil, dövlət reyestri tamamilə yanlış məlumatlar yazır. Məsələn, Müsavat Partiyasında bütün sənədlərə cavabdeh olan Gülağa Aslanlı olaraq, mənim şəxsiyyət vəsiqəmdə olan bütün məlumatlar ora düzgün yazılıb. Ancaq dövlət reyestri xidməti eyniləşməyənlərin siyahısına yazır. Məni kimi Müsavat Partiyasının 9 nəfər Divan üzvünün də sənədləri tamamilə düzgün olduğu halda eyniləşməmişlər siyahısındadır. Buna cavabı da özləri verməli olacaqlar. Azərbaycanda reyestr sistemi hər zaman bərbad halda olub. Necəki, Mərkəzi Seçki Komissiyasında seçicilərin siyahısı 2020-ci ildə 5 milyon 400 min göstərilmişdir. 2023-cü ildə o siyahı birdən-birə 600 milyon 400-ə qədər qalxdı. Eyni zamanda Dövlət Statistika Komitəsinin məlumatına görə , 2022-ci ildə Azərbaycanda yaşı on səkkizdən yuxarı olanların sayı 7 milyon 200 mindir. İndi bunu özünüz müqayisə edin. Bunu heç Dövlət Statistika Komitəsindən, Seçki Komissiyasından soruşmurlar. Eləcə də reyestr xidmətində görəsən nə qədər adam haqqında məlumat var? Yəni əgər mənim haqqımda reyestr xidmətində məlumat yoxdursa, mən necə ötən seçkilərdə həmin sənədlə namizəd olmuşam və qeydiyyatdan keçmişəm? İndi mənə yazırlar ki, sənədin eyniləşməyib. Belə şeylər çoxdur, amma, Müsavat Partiyası üçün problem deyil. Yaxın günlərdə yeni siyahı təqdim edəcəyik. Müsavat Partiyasının sənədlərinin 98 faizi eyniləşib, 2 faizi eyniləşməyib. Bu yazı işidir və belə görünür ki, bir nöqtəni belə səhv hesab edirlər. 2 faizi buna çıxıram. Qalan hər şey qaydasındadır".
Şahanə Ağazadə