Nankor İran...

Millət vəkilləri Tehranın son addımlarını kəskin tənqid ediblər

  Milli Məclisin dünənki iclasında deputatlar İranın son günlər Azərbaycan əleyhinə atdığı addımlara, rəsmi Tehranın sərgilədiyi düşmənçilik mövqeyinə qarşı sərt çıxışlar ediblər. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib ki, İranın addımları qonşuluq münasibətlərinə sığmır. Onun sözlərinə görə, bu gün Azərbaycanı istəməyən revanşist qüvvələr var: "Ona görə biz iki il əvvəl olan birliyi davam etdirməliyik. Çünki bizi daha böyük uğurlar gözləyir”.

  Deputat Elman Nəsirov da bildirib ki, İran nankorluq edir: "Prezident İlham Əliyev 16 il bundan qabaq İranla bağlı mövqeyini bildirmişdi. Dövlətimizin başçısı heç vaxt icazə verməyib ki, bizim ölkəmizdən İrana qarşı plasdarm kimi istifadə edilsin”. O qeyd edib ki, Azərbaycan Prezidentinin mövqeyi bu gün də dəyişməyib: “Azərbaycanın siyasi rəhbəri İrana qarşı sanksiyalara heç zaman qoşulmayıb. Bəs, bu gün İran tərəfindən atılan addımlar nədir? Bu davranış İranın özünün ideologiyasına da daban-dabana ziddir. İranın bugünkü davranışları ilə bağlı seçicilərimiz də bizimlə görüşdə öz etirazlarını bildirir”. E.Nəsirov qeyd edib ki, Vaşinqton İrana qarşı prosesdə daim Azərbaycanın iştirakını istəsə də, Azərbaycan Prezidenti qətiyyətli şəkildə buna imkan vermir: 

“Heç bir üçüncü dövlətin bizim ərazimizdən istifadə edib qonşu İrana qarşı addımlarına icazə verməyəcəyik. Düz 16 il bundan qabaq bu mövqeyi Prezidentimiz bildirib, 16 il keçib, yenə eyni mövqedəyik. İranın ali siyasi rəhbərliyi bir daha bilsin ki, Azərbaycan İrana qarşı addımların qarşısının alınmasında mühüm rol oynayıb”.

  Millət vəkili Bəhruz Məhərrəmov vurğulayıb ki, İranda molla rejimi azərbaycanlıları xüsusi hədəfə alır:

 "İranın molla rejimi müasir dövrdə dünyada təməl insan hüquq və azadlıqlarının realizəsi üçün ən ciddi maneələrdən birinə çevrilməkdədir”. B.Məhərrəmov deyib ki, zor gücünə mövcud rejimin qorunması məqsədi ilə İran faktiki olaraq heç bir hüquq və azadlıqlara, hətta təbii hüquqlara məhəl qoymayaraq 1948-ci il İnsan Hüquqları Bəyannaməsi, 1966-cı il Mülki Siyasi Hüquqlar Haqqında Pakt və BMT Nizamnaməsində qeyd olunan prinsiplər başda olmaqla beynəlxalq hüquq normalarını ayaqlar altına atır: “İnsan hüquqlarının pozuntusu faktiki olaraq bütün sahələri əhatələyib, İranın bütün ərazisində, ələlxüsus da Cənubi Azərbaycanda geniş vüsət alan insanlıq əleyhinə cinayətlərlə müşahidə olunur. Ən dəhşətlisi də odur ki, bu prosesdə Tehran "bir daşla iki quş vurmaq" taktikası seçərək məqsədli şəkildə azərbaycanlıları xüsusi hədəfə alır.

 Üstəlik, qeyd edilməli digər məqam ondan ibarətdir ki, əgər əvvəllər teokratiya hansısa maneələr, qadağalar formasında vətəndaşları, xüsusən də soydaşlarımızın təməl hüquqlarına təcavüz edirdisə, artıq İranın aidiyyəti xüsusi xidmət orqanları və hətta ordu hissələri açıq təqibə start verib.

 Xüsusən həbsxanalarda vəziyyətin dözülməz həddə çatması barədə çoxsaylı faktlar tirajlanır. Yalnız son günlər ərzində işgəncəyə məruz qalan 40-dan çox günahsız məhbus məqsədli formada öldürülüb. Ona görə də beynəlxalq İnsan hüquqları təsisatları təcili olaraq bu məsələyə diqqət yetirməlidir. Eyni zamanda ümumi insan haqları kontekstində yox, bunun məhz azərbaycanlılara qarşı yönəlməsi nəzərə alınmalıdır”.