"130-dan 400-ə artım yetərli deyil, əsl problem gizlədilir”
“Nazir inflyasiyanın nə olduğunu bilirmi?” Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin APA və ARB24 televiziya kanalına müsahibəsi zamanı səsləndirdiyi bəzi ifadələr bu sualın yaranmasına səbəb olub. Nazirin minimum əmək haqqının artımının orta aylıq gəlirlərin artımına da müsbət təsir etdiyini bildirməsi isə sosial şəbəkələrdə tənqid edilir.
Xatırladaq ki, nazir müsahibəsində belə qeyd edib: “indiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3,1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib. Minimum əməkhaqqı standartı həm dövlət, həm də özəl sektor üçün aktualdır. Sonuncu sosial islahatlar paketi çərçivəsində 700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub. Dövlət sektorunda vahid tarif cədvəli üzrə pillələr var. Ən aşağı pillədə məbləğ artdıqca bütün pillələrə təsir edir. Özəl sektorda da mexanizm, hardasa, eyni qaydadadır. Ümumiyyətlə, minimum əməkhaqqının artımı ölkədə orta aylıq gəlirlərin artımına müsbət təsir edir”.
İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında nazirin bu çıxışının niyə tənqid edilməsinə aydınlıq gətirdi:
- Çünkü nazir müsahibəsində öz fəaliyyətlərini tərif etsə də, inflyasiya məsələlərinə diqqət etməyib. Minimum əmək haqqı niyə 130 manatdan 400 manata qaldırılıb? İqtisadi prosesdə belə bir yanaşma düzgün sayılmır. Fərdi qaydada hansısa sahibkar öz işi ilə fəxr edə bilər. Amma dövlət qurumu rəhbərinin belə açıqlaması sadəcə bir xarakterə söykənə bilər; proseslər nəzarət altındadır və biz qurum olaraq insanların minimum əməkhaqqından aşağı əmək haqqı almasının qarşısını müxtəlif üsullarla alırıq. Amma minimum əmək haqqının 130 manatdan 400 manata qalxması, inflyasiya ilə bağlıdır. 400 manata insan hansı ehtiyaclarını minimum şəkildə ödəyə bilər? Hazırkı davam edən inflyasiya prosesini nəzərə alsaq minimum əməkhaqqı aşağıdır. Hər il minimum əməkhaqqı real inflyasiya prosesi nəzərə alaraq qalxmalıdır. Düzdür, bununla bağlı işlər aparılır, amma hazırda real vəziyyət onu göstərir ki, verilən minimum məbləğ azdır. Adi kommunal qiymətləri nəzərə alsaq 400 manatın çox hissəsi kommunal ödənişlərə və qalan hissəsi də gündəlik ehtiyacların ödənilməsinə gedir. Halbuki, inflyasiya prosesindən başqa bu məsələlər də nəzərə alınmalıdır.