Nəzirdən vergi tutulması mümkün deyil

Təklif yaxşı səslənsə də, ianələri tamamilə nəzarət altına almaq və eyni mənbəyə yönəltmək mümkünsüzdür

 “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik cəmiyyətdə hələ də müzakirə olunmaqdadır. Hətta mövzunu lağlağı obyektinə çevirənlər də az deyil. Məlum dəyişikliyə görə, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini, toplanan nəzirləri elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək. Yəni bundan sonra dini mərkəzlərə, ocaq və pirlərə nəzir vermək istəyənlər bunu bank, poçt, plastik kart, yaxud internet vasitəsilə də həyata keçirə biləcəklər. Xatırladaq ki, nəzir qutularına yığılan ianələrin məbləği və taleyi ilə bağlı cəmiyyətdə zaman-zaman müzakirələr gedir, iddialar səsləndirilir. Qanunu hazırlayan deputatların fikrincə, ianələrin onlayn qaydada verilməsi şəffaflığı təmin edəcək. Həmçinin, qanuna dəyişiklikdən sonra vətəndaşlar icmalara şübhə etmədən ianə edə biləcəklər. İlahiyyatçılar isə düşünür ki, ianələrin hansı üsulla ödənilməsinin dini cəhətdən heç bir fərqi yoxdur. Əsas olan niyyətdir. 

Mövzu ətrafında gedən müzakirələri “Şərq”ə dəyərləndirən tanınmış jurnalist, dini yazar Kənan Rövşənoğlu bildirib ki, plastik kartla ianələrin ödənməsi dövrün tələbi kimi normaldır. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində nağdsız, yəni kartla ödənişə keçiblər:

 “İanələrin bu şəkildə ödənməsində problem yoxdur. Amma verilən açıqlamalardan belə anlaşılır ki, burada başqa amillər də var. Məsələn, parlamentin iclasında deputatlar bildirir ki, ianələrin dövlət qurumu yanında mərkəzləşdirilmiş fondda toplanması və oradan xərclənməsi təklif olunur. 

Bunun mexanizmi aydın deyil. Üstəlik, bu təklif özlüyündə yaxşı səslənsə də, nəzərə almaq lazımdır ki, ianələri tamamilə nəzarət altına almaq və eyni mənbəyə yönəltmək mümkünsüzdür. Nəzirdən vergi tutulması da mümkün deyil. Bütün dünyada, eləcə də Azərbaycanda ianələr və yardımlar vergiyə cəlb olunmur. Toplanmış ianələr insanların maddi və mənəvi ehtiyaclarına xərclənir. 

Ümumən, bu sahədə ciddi problem olduğunu və sözügedən dəyişikliyin hansısa problemi kökündən həll edəcəyini düşünmürəm”.