“Ordumuz NATO ilə əməkdaşlıqdan zəngin təcrübə əldə edib”

Dünən Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumata yayıb.
General-leytenant K.Vəliyev Azərbaycan Ordusunun bölmələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində əldə etdiyi müsbət nəticələri və əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Kontr-admiral B.Turan NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə Azərbaycan Ordusunun hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə NATO ilə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Görüşü “Sherg.az”a şərh edən Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycanın NATO ilə hər zaman tərəfdaşlıq etdiyini vurğulayıb:
“Söhbət bizim birgə antiterror koalisiyasında olan fəaliyyətimizdən gedir. Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlığı həyata keçirərək, zəngin təcrübə əldə edib. Xüsusi vurğulamaq yerinə düşər ki, NATO silahlı qüvvələrinin nəzdində ABŞ-dan sonra ən böyük qüvvə olan Türkiyə Azərbaycan ordusunun inkişafına böyük töhfə verib. Qardaş ölkə ən müasir hərbi təhlükəsizlik sistemlərinin formalaşması istiqamətində təcrübəsini Azərbaycanla bölüşüb. Ona görə də Türkiyə vasitəsilə NATO-nun yüksək səviyyəli təcrübəsindən yararlanmağa qadirik. Azərbaycanla Türkiyə bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün yüksək qüvvələrə malikdir”.